Son zamanlar bütün dünyanı qorxuya salan ölümcül koronavirusdan qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edirlər. Bunlardan biri də qoruyucu tibbi maskalardır. Bununla yanaşı, əlcək və xüsusi geyimlərdən də istifadə olunur. Lakin buna baxmayaraq virusa yolxuanların sayı durmadan artmaqda davam edir.
Tibbi maskalar həqiqətənmi insanı virusdan qoruyur?
Hansı hallarda maskadan istifadə etmək lazımdır?
Mövzu ilə bağlı professor Adil Qeybulla açıqlama verdi.
Professorun sözlərinə görə, maskalar virusun qarşısını alır, lakin onu uzun müddət istifadə etmək olmaz:
“Ümumiyyətlə hava-damcı yolu ilə yoluxan infeksiyaların qarşısını almaq üçün tibbi maskalardan istifadə olunmalıdır. Lakin bu maskalar müəyyən müddətdən sonra dəyişilməlidir. Məsələn, yaş olduqda və ya istifadəsindən 2 saat sonra yenisi ilə əvəz edilməlidir. Bu müddətdən artıq maskaların istifadəsi doğru deyil və heç bir effekti olmaz. Eyni zamanda respirator tipli maskalar da var ki, onlar nisbətən burun tənəffüsündə hava boşluğu yaradır və onlar digər adi maskalara nisbətən daha uzun ömürlü və etibarlıdır”.
Adil Qeybulla eyni zamanda, çinlilərin koronavirusun müalicəsinə qarşı təklif etdikləri türkəçarə metodlarının və Rusiya Səhiyyə Nazirliyinin yaydığı “Ribavirin”, “Lopinavir” və “Ritonavir Recombinant beta-1b” adlı dərmanların müalicəyə təsir etmədiyini, əsassız olduğunu bildirib:
“Xəstəliyin ilkin əlamətləri özünü göstərdikdə xəstə yataq rejiminə keçməlidir. Belə olduqda həmin xəstənin sağalma şansı daha yüksək olur. Ayaqüstə keçirilən xəstələrin isə ölüm şansı çox olur. Ev şəraitində isə insanlar otağın havasını dəyişməli, otağa gün işığının düşməsini təmin etməlidirlər. Rusiya Səhiyyə Nazirliyinin insanları koronavirusdan qoruyan dərmanlarin isə əsaslı olduğunu düşünmürəm. Çünki, sözügedən dərmanların hansı əks təsirlər verə biləcəyi bilinmir”.
İnsanları qorxudan digər məsələlərdən biri də Çindən gətirilən elektron əşyalar və oyuncaqlarda koronavirusun təhlükəsi olmasındadır. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sözügedən məhsulların təhlükəli olduğunu vurğuladı:
“Əldə olunan məlumatlara əsasən, bu virus təkcə qida, insan nəfəsi ilə deyil eyni zamanda elektron əşyalarla da keçir. Bunun da sübutu odur ki, Dövlət Gömrük Komitəsində Çindən gələn avtomobillər yoxlanılaraq dezinfeksiya edilir. Ona görə də Çindən istər poçtla gələn məhsullar, istərsə də digər yollarla gələn məhsullar virus daşıyıcısı ola bilər”.  Yeniavaz