Milli Məclisin iclasında Millət vəkili Fazil Mustafa əhalinin istehlak etdiyi təbii qazın limitinin artırılması təklifini irəli sürməsi vətəndaşlar arasında birmənalı qarşılanmayıb. Millət vəkili isə təklifini bu cür əsaslandırıb:

“Limitin 1700 kubmetrdən 3400 kubmetrə qaldırılması əhalinin aztəminatlı təbəqəsinin maddi durumunun yaxşılaşmasına imkan verə bilər.”

Deputatın bu çıxışından sonra iqtisadçı ekspertlər də məsələ ilə əlaqədar öz şərhlərini bölüşüblər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, əhaliyə təbii qaza görə qoyulan limitin ləğv olunmasının mümkün ola biləcəyi barədə araşdırma-təhlilini öz feysbuk profilində paylaşıb. Ekspert etdiyi araşdırmada Azərbaycanın və SOCAR-ın özünün ötən illərə nisbətən qaz hasilatını və ondan gələn gəliri artırmasını, “Şahdəniz-2”, və “Abşeron” qaz yataqları üçün edilən proqnozları, habelə milli valyutanın sabit durumunu əsas gətirərək, limitin ləğvini məqsədəuyğun hesab edib.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, İqtisadçı ekspert Qadir İbrahimli isə İqtisadiyyat.Az-a açıqlama verərkən, təbii qaza görə əhaliyə qoyulan limitin ləğv olunmasının yanlış olduğunu bildirib.

“Limitin ləğv olunmasının tərəfdarı deyiləm. Çünki 400-500 kv/m-lik villada yaşayan zəngin ailələr üçün də bu tətbiqin olması ədalətsizlikdir. Həmin ailələr ki, onlar qazdan çox istifadə edirlər, istilik sistemləri var. Onları differensial şəkildə kommunal xərclərə cəlb etmək lazımdır. Orta statistik azərbaycanlı ailəsini tam əhatə etmək üçün limitin 3-4 dəfə artırılması daha yaxşı olardı. Bu baxımdan orta statistik azərbaycanlı ailəsi ilə zəngin ailələr arasında fərq saxlamaq lazımdır”.

Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır.

 

Mehman Nəbiyev