Tayland turizmi inkişaf etdirmək və ölkəyə daha çox xarici ziyarətçi cəlb etmək məqsədilə viza qaydalarını yumşaldıb.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilir ki, mayın 28-də hökumət keçirdiyi iclasda vətəndaşları bu ölkədə 60 günə qədər vizasız qala biləcək dövlətlərin siyahısını genişləndirib. Belə ki, siyahıda 57 ölkə əvəzinə 93 ölkə yer alıb.

Bundan əlavə, Tayland hökuməti əcnəbilərin məsafədən işləməsi üçün yeni viza növünü – “Destination Thai Visa” (DTV) elan edib. Bu viza məsafədən çalışan işçilər, frilanserlər və müəyyən fəaliyyət növləri ilə məşğul olan insanlar üçün nəzərdə tutulub.

DTV Taylandda 180 günə qədər qalmaq hüququ ilə beş il müddətinə veriləcək. Viza rüsumu 10 min baht (24,2 min rubl) təşkil edəcək, oxşar ödənişlə ölkədə qalma müddətini daha altı ay uzatmaq mümkün olacaq.