Tarixi bağlar, sınanmış dostluq qan bağlılığı, soy birliyi gələcək üçün atılan addımları daha mətin edir. İnsanlar sınanmış dostla yola çıxanda daha inamlı olur. Bu insanların yaşadığı dövlələr üçün də belədir. Türk dövlətlərinin iqtisadi baxımdan birlikdə gələcəyi də belə, sınanmış əlaqələr üzərində qurulur. Dostluq təməli üzərində qurulan əlaqələr möhkəm və davamlı olacaq. Bir- birinə yaxın ölkələr təkcə aralarında siyasi birlik nümayiş etdirmir. Həm də bu siyasi həmrəylik iqtisadi əlaqələrə də təsir edir. 
Yadınızdadırsa, Vətən Müharibəsindən həm əvvəl, həm də sonra Azərbaycana siyasi dəstək verənlər arasında ilk yerdə türk dövlətləri idi. İndi bu əlaqələr iqtisadi sahədə yeni səhifə açır. 

YARIM MİLYARDLIQ ADDIM

“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub. Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə Türk Dövlətləri Təşkilatı ölkələrinin iqtisadi inkişafına təkan verməkdir. Türk dövlətləri əsas ortaq maliyyə qurumuna çevriləcək və fondun vəsaitləri ilə birgə layihələr həyata keçiriləcək.

Həmin bu təkanverici nəhəng layihənin müəlifi  Azərbaycan başda olmaqla, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan respublikalarıdır. Qısa müddət ərzində razılaşdırılan layihə artıq əməli işə keçmək üzrədir. Məsələn, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş bu ilin martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. İki ay sonra artıq bu təsdiq edilir. Qısa zamanda yarım milyard dollarlıq sövdələşmə real həyatda əlaqələr üçün təkanverici əlavə qüvvəyə çevrilir.

“TÜRK İNVESTİSİYA FONDU”NUN TƏKANI “DƏHLİZDƏN” GƏLİR

Orta Dəhliz nəqliyyat layihəsi və onun indiyə kimi fəaliyyəti göstərdi ki, burada əsas iştirakçılar türk dövlətləridir. Qarşılqlı əlaqələrdə uğur qazanan türk dilli ölkələr üçün bu tip nəqliyyat layihələri getdikcə daha böyük anlam daşıyacaq. Çünki “Türk İnvestisiya Fondu”nun yaradılması və 500 milyard dollarlıq kapital işıqlı dəhlizi daha parlaq edəcək. Üstəlik iqtisadiyyatın digər sahələrində də qarşılıqlı fəaliyyət Azərbaycanın türk dövlətləri ilə sınanmış dostluğunun gələcəyini təminatlı edir.

Samir Cabbarov