Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, onun barəsində xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə şikayət olunub.

Həkim Öndər Tulumbacı məhkəməyə müraciətində vəkilin ona böhtan atdığını iddia edir. İddia hakim Sülhanə Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

Məsələ ilə bağlı Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında məhkəməyə verilməsinin səbəbinin ötən həftə “facebook” hesabında “Bicbalalığın leqallaşdırılması” başlığı altında yazdığı statusun olduğunu bildirib. Onun sözlərinə görə, bu statusa görə həkim Öndər Tulumbacı tərəfindən məhkəməyə verilib:

“Həmin yazımın mövzusu süni mayalanma ilə bağlıdır. Orada Ali Məhkəmənin 2021-ci il tarixli qərarını şərh etmişəm. Belə ki, kişinin həyat yoldaşı ilə uşaqları olmur. Onlar klinikaya gedərək suni mayalanma ilə uşaqlarının olmasını istəyirlər və daha sonra onların iki dənə əkiz övladları dünyaya gəlir. 7 il sonra cütlük boşanır və yalnız bu zaman kişi övladı bildiyi uşaqların bioloji atası olmadığını öyrənir. Uşaqların anası məhkəmə qərarı ilə övladlarından birini özündə saxlamaq istəyən kişiyə onların donor atadan doğulduqlarını bildirib. Lakin uşaqlarının bioloji atası olmayan kişidən aliment də tələb edib. Bundan sonra özəl klinikalardan birinə müraciət edən kişi analiz nəticəsində heç vaxt ata ola bilməyəcəyini öyrənib. O, məhkəməyə müraciət edib. Lakin məhkəmədə cavabdeh qismində çıxış edən ana keçmiş həyat yoldaşının əvvəlcədən donorla bağlı məlumatlı olduğunu iddia edib. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməyib. Məhkəmədə əməliyyatı aparan həkim Öndər Tulumbacı deyib ki, donorluğa hər iki tərəfin razılığı olub. Amma indi razılığı göstərmək üçün hər hansı dəlilləri yoxdur. Kişi də iddia edir ki, həkimlə həyat yoldaşı onu aldadırlar”.

Ə.Həsənov qeyd edib ki, bu qərar Ali Məhkəmənin saytında yerləşdirilib və orada kişi və qadının kimliyi göstərilməyib, lakin məhkəmə qərarında həkimin adı saxlanılıb:

“Ali məhkəmənin qərarı bundan ibarət olur ki, kişi razılıq vermədiyini özü sübut etməlidir və mən də “facebook” hesabımda buna şərh vermişəm. Əgər kişinin razılıq ərizəsini təqdim edə bilmirlərsə, deməli bu olmayıb. Bu halda, hesab edirəm, məhkəmə qərarı da düzgün deyil. Sonra statusumda bütün Azərbaycan bəy və xanımlarına müraciət etdim ki, ehtiyatlı olun. Yəni süni mayalanma zamanı ola bilər ki, uşaq sizin olmasın və sabah siz bunu məhkəmədə də sübut edə bilməyəcəksiniz. Bu yazıma görə həmin həkim-Öndər Tulumbacı məni məhkəməyə verib ki, bu, böhtandır. Mən indi başa düşə bilmirəm ki, burada böhtan nədir? Mən sadəcə olaraq məhkəmə qərarında olanları yazmışam və ona da öz münasibətimi bildirmişəm. Bəli, ola bilər ki, həmin kişi doğrudan da razılıq verib. Bunu istisna etmirəm. Bununla belə, bu, işin mahiyyətini dəyişmir. Yəni əslində statusumdakı hədəf klinika ilə həkim deyil, məhkəmədir. Hər bir halda məhkəməyə müraciət etmək onun vətəndaşlıq haqqıdır. İnanıram ki məhkəmə işə düzgün baxacaq”.