Ağdərə rayonunun Talış kəndində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, kənddə ikinci faza üzrə söküntü və şaquli planlaşdırma işlərinə başlanılır.

Eləcə də 158 ədəd (10 ədədi bərpa, 148 ədədi yeni tikili olmaqla) fərdi yaşayış evinin tikintisi həyata keçiriləcək.

Artıq Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bu istiqamətə hazırlıqlara başlayıb.

"Az-Caspian Construction" şirkətinə həvalə olunan bu işlər 27,7 milyon manata başa gələcək.

Xatırladaq ki, 2023-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Talış kəndinə 20 ailə (91 nəfər) köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Köçürülmə planının ikinci mərhələsində 158 ailənin Talış kəndinə qayıtması nəzərdə tutulub.

Bu günə qədər kənddə 20 ev, 10 qeyri-yaşayış obyekti bərpa edilərək yenidən qurulub. İnzibati bina və uşaq bağçası əsaslı təmir olunub, 78 şagird yerlik məktəb binası da bərpa edilib.