“Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma haqqında qaydalar oktyabrın 1-dən qüvvəyə minib. Artıq yalnız linsenziyalı, VÖEN-li, fərqlənmə nişanlı, təlim keçmiş, xüsusi imtahan vermiş və narko-müayinədən keçmiş sürücülər xəttdə olmalıdır.

Maraqlıdır ki, yeni qaydalar taksilərin sayının azalmasına və qiymət artımına səbəb ola bilərmi?

 

ilqar.jpg

 

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, taksi xidmətində tətbiq olunan yeniliklərin qiymət artımına səbəb olacağı gözləniləndir:

"Nəzərdə tutulan dəyişikliklər taksi sürücüləri üçün elə də yüksək xərclər tələb etməyəcək. Sadəcə olaraq taksi sürücüləri üzərində selektiv qaydalar tətbiq olunacaq və buna ehtiyac var. Taksi xidməti ilə məşğul olan hər bir şəxsin xüsusi kurslardan keçməsi və təlim bazalarının artırılması vacibdir. Eyni zamanda etik davranış qaydaları ilə bağlı kurslara cəlb olunmalıdırlar. Çünki bu sahədə kifayət qədər ciddi narazılıqlar var. Əsas narazılıqlardan biri taksi sürücülərinin narkotik vasitələrin təsiri altında fəaliyyət göstərməsidir". 

Ekspertin sözlərinə görə, taksi sürücülərinə ölkənin bütün ərazilərində rahat şəkildə xidmətlərini qura bilmələri üçün imkan yaradılmalıdır: "Taksi xidmətinin təşkili üçün müxtəlif dayanacaqlar yaradılmalıdır. Bu təcrübə Türkiyədə var və effektiv nəticəsi yüksəkdir. Bundan başqa, taksi parklarında ciddi dəyişikliklər edilməlidir. Yaxşı olar ki, taksi sürücüləri leqal formada fəaliyyət göstərsinlər. Avtomobillərə taksometr quraşdırılması və məsafəyə uyğun gedişhaqqının müəyyən olunması isə qiymət artımına təsirsiz ötüşməyəcək. Vahid taksi sisteminə keçilməsi bazardakı rəqabət imkanlarını aradan qaldıracaq. Ona görə də taksi xidmətində qiymətlər qalxacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı 18 avqust 2023-cü il tarixli fərmana əsasən, taksiylə sərnişin daşımalarına dair yeni tələblərin pozulmasına görə cərimələr 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Gülşən Şərif