İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkından indiyə qədər 8,7 milyard manatlıq məhsul satılıb.

İqtisadiyyat.az Agentliyə istinadən xəbər verir ki, bunun 3,1 milyard manatlıq hissəsi 60-a yaxın ölkəyə, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Çin, Yaponiya, Tayvan, Ukrayna, Belarus, Bolqarıstan, İtaliya, Avstriya, Rumıniya, Polşa, Makedoniya, Niderland, Danimarka, Finlandiya, Litva, Estoniya, Misir, BƏƏ, Livan, İraq, Braziliya, Kanada və ABŞ-a ixrac olunub.

Parkda investisiyalarının ümumi məbləği 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən 20-si fəaliyyətdədir. Bu il daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Rezidentlər 5,3 milyard manatdan çox sərmayə yatırıb, 6 400-dən artıq daimi iş yeri yaradıb. Daha 386 milyon manat investisiya yatırılması, 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu ilin I yarısında Parkda 1,3 milyard manatlıq məhsul istehsal edilib, bunun 446 milyon manatlıq hissəsi ixrac edilib. 6 ay ərzində Parkın qeyri-neft sənayesində xüsusi çəkisi 15,2 %, qeyri-neft sənayesi ixracında isə payı isə 19,6 % olub.