"Rəsmi İrəvan ya konkret qərar verib sülhə "hə" deməlidir, ya da Azərbaycan onsuz da istədiyini əldə edəcək".

Bu sözləri politoloq Yusif Bağırzadə İqtisadiyyat.az-a müsahibəsində deyib. Ekspert həmçinin, Ermənistanın sülh prosesini bilərəkdən uzatmasından, gözlənilən nəticələrdən danışıb.

 

 

Sözügedən müsahibəni təqdim edirik:

- Yusif bəy, Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib ki, Ermənistanla 3 istiqamətdə fikir ayrılığı var. Belə ki, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılması Azərbaycanla Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir. Bu barədə nə düşünürsünüz?

- Təbii ki, fikir ayrılıqları var. Əks halda sülh sazişi çoxdan imzalanar və münasibətlərin normallaşması baş verərdi. Əgər indiyə qədər ortada konkret sülh sazişi yoxdursa demək ki, hələ də ayrı-ayrı məsələlərlə bağlı fikir ayrılıqları da var. Xarici İşlər naziri Ceyhun Bayramov ümumi şəkildə bu fikir ayrılıqlarının nədən ibarət olduğunu açıqlayıb. Görünən odur ki, Ermənistan tərəfi hələ də üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Xankəndi və ətrafındakı qeyri-qanuni hərbi birləşmələrin ərazilərimizdən çıxarılması ilə bağlı konkret addımlar atmaq istəmir. 

- Azərbaycan vətəndaşı olan ermənilərin hüquqları qorunurmu?

- Artıq neçənci dəfədir ki, 1991-ci ilin Alma-Ata bəyannaməsinin şərtlərinə uyğun olaraq Azərbaycanın 86.6. min kvadrat kilometr çərçivəsində ərazi bütövlüyünü tanımasının, eləcə də keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı danışıqlar aparmaq tələblərinin olmamasını bəyan etməsinə baxmayaraq, “ermənilərin hüquq və təhlükəsizliyi” tezisini ortaya atmaqla və hər danışıqlarda bu mövqenin üstündə dayanmaqla faktiki olaraq daxili işlərimizə müdaxilə etməyə cəhdlər edir. 
Əslində isə Azərbaycanın göstərilən ərazi və sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyırsansa, o zaman hər hansı digər tələb də irəli sürməməlisən. Çünki göstərilən ərazi özündə həm keçmiş Dağlıq qarabağ ərazisini, həm də hələlik işğal altında olan 8 kəndimizi ehtiva edir. Yəni  ərazilərimizdə yaşayan ermənilərin hüquq və təhlüksizliyi bizim daxili işimizdir və heç kim bizə onların hüquqları ilə bağlı yol göstərə bilməz. Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyi digər xalqlar kimi Azərbaycan qanunları ilə qorunur.

- Ermənistanın sülh prosesini bilərəkdən uzatması hansı nəticələrə yol aça bilər?

- Ermənistan bütün platformalarda yalnız qarayaxma və yalan məlumatlar verməklə faktiki olaraq sülh prosesini uzadır və bu şəkildə davam edəcəyi halda bunun ağır nəticələri ilə üzləşməli olacaq. Belə ki, beynəlxalq hüquqa və eləcə də müharibənin bitməsindən sonra imzalanmış bütün sənədlərə, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın istənilən vaxt separatçı rejimin və onların silahlı dəstələrinin tərksilah edilməsi üçün əməliyyatlar keçirmək hüququ var. Ümumiyyətlə isə Azərbaycanın əlində Ermənistanın anti-sülh mövqeyini dəyişdirməsi üçün kifayət qədər imkanlar var və zaman-zaman bu imkanlardan istifadə edərək hədəfə doğru konkret və real addımlar da atılır. Ermənistanın bütün etirazlarına baxmayaraq sülhməramlıların alternativ yola köçürülməsi, ermənilərin Laçın şəhərini boşaltmağa məcbur edilməsi, Laçın yolu üzərində sərhəd buraxılış məntəqəsinin qurulması buna ən bariz nümunədir. Əminəm ki, Ermənistanın xoşluqla öz üzərinə götürdüyü öhdəlikləri icra etməyəcəyi və prosesi uzatmaq yolundan dönməyəcəyi halda Xankəndi və ətrafında sülhə məcburetmə əməliyyatlarının da keçirilməsinə şahidlik edəcəyik. İndi hər şey Ermənistanın davranışlarından və atacağı addımlardan asılıdır. Rəsmi İrəvan ya konkret qərar verib sülhə "hə" deməlidir, ya da Azərbaycan onsuz da istədiyini əldə edəcək. Lakin bu zaman sülh şərtlərimiz ermənilər üçün olduqca ağır olacaq".