Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkəti arasında ötən ayın əvvəlində hasilata başlanılan “Abşeron” qaz-kondensat yatağının İlkin Hasilat Sxemi (İHS), layihənin sualtı quyu və idarəetmə sistemləri, texniki və texnoloji əməliyyatlar ətrafında müzakirə aparılıb.

İqtisadiyyat.az SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə keçirilən görüşündən bildirilib.

Məlumata görə, görüşdə SOCAR ilə “TotalEnergies” arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin Azərbaycanın enerji təhlükəsizliyinə və hasilat potensialının artırılmasına mühüm töhfə verdiyi bildirilib.

Görüşdə, həmçinin “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin birinci fazası (Faza-1 layihəsi) çərçivəsində görüləcək işlər nəzərdən keçirilib, tərəflər arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının İHS mərhələsi üzrə hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1 500 ton kondensat hasil olunur. Yatağın işlənilməsi SOCAR və “TotalEnergies”in birgə operatoru olan “JOCAP” şirkəti tərəfindən həyata keçirilir.