Səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, dərman vasitələrinin xammalı ilə bağlı bütün dünyada ciddi sıxıntı var. Bu baxımdan hazırda əsas məsələ Azərbaycandakı dərman vasitələrinin qiymətinin dünya ölkələri ilə müqayisədə ən aşağı olması yox, əlçatan olması ilə bağlı olmalıdır.  

Mövzu ilə bağlı iqtisadçı Nazim Bəydəmirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, ölkənin dərman bazarı monopolistlərin əlində cəmlənib:

"Səhiyyə Nazirliyi və paralel strukturlar səhiyyədə olan problemləri həll etmək əvəzinə daha çox problemlər yaradırlar. Eyni zamanda rəqabət mühitini pisləşdirirlər. İcbari tibbi sığorta tətbiq olunandan sonra bu sahədə olan monopoliya daha da inkişaf etdirilib. Belə ki, vətəndaşlar özəl və ya dövlət xəstəxanasına müraciət edəndə lobbiçilik maraqları önə keçir. Dərman vasitələri ilə bağlı məsələdə də eyni motiv var. Dərman preparatlarını idxal edən şirkətlər demək olar ki, bir mərkəzdən idarə olunur. Tarif Şurasının reyestrində 14 minə yaxın dərman var. Lakin eyni dərmanların müxtəlif adlarla gətirilməsi yenə də müşahidə olunur. 

Dərman istehsalına gəlincə, ixtisaslaşmış və uzun illər fəaliyyət göstərən xarici şirkətlərin bazara çıxışı azad deyil. Ya bu şirkətlərin dilerlərinin təşkil olunmasına mane törədilir, ya da yerli məmurlara məxsus şirkətlər dərmanları idxal edə bilərlər. Çünki lisenziyaların verilməsi ilə bağlı da monopoliya hökm sürür".

 

 

İqtisadçı qeyd edib ki, yerli istehsala şəraitin yaradılması üçün sahibkarlıq mühiti şəffaf olmalıdır:

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin işi dərman preparatlarını yoxlamaq adı ilə özəl sektorlara hücumlar təşkil etmək və öz bildikləri kimi protokollar yazmaqdan ibarətdir. Yəni səhiyyə sistemində bütün prosedurlar formal xarakter daşıyır. Dövlətin verdiyi səlahiyyətlərdən şəxsi mənafe üçün istifadə olunur. Analitik Ekspertiza Mərkəzi adı altında Səhiyyə Nazirliyi cərimələr hesabına öz işçilərinin maddi rifahını yüksəldir. Səhiyyə sektorunda kimin hansı səlahiyyətə malik olduğu müəyyən olunmayıb. Çünki bu sahədə ikili, üçlü dövlət siyasətini həyata keçirən qurumlar var. Bu qurumlar ancaq çəkişmələrlə məşğuldurlar. Sertifikasiya adı altında soyğunçuluq və süründürməçilik baş alıb gedir. Məqsəd özəl sektoru daha da zəiflətmək və guya dövlət səhiyyə obyektlərinin ayağa qaldırılması üçün icbari tibbi sığortanın imkanlarını dövlət səhiyyə obyektlərinə yönəltməkdir. Özəl sektorda çalışan 900-1000 nəfərə yaxın rəsmi mudlu işçilərin hər ay maaşından 4 faiz tutulur və İcbari Tibbi Sığorta fonduna köçürülür. Ancaq həmin işçilər  istədikləri özəl və ya dövlət xəstəxanasında müalicə oluna bilmirlər. Dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda sığortaçının seçim imkanları məhdudlaşdırılıb. Bu, səhv addımdır".

Gülşən Şərif