“Bu gün də ölkəmizdə tibb işçilərinə yüksək dəyər verilir”.

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.

O bildirib ki, əksər böyük tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib: “Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıdıblar. Bu gün də ölkəmizdə tibb işçilərinə həmin münasibət, yüksək dəyər verilir”.

“Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, beynəlxalq standartlar əsasında qurulması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib”, - T.Musayev əlavə edib.