124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 108 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

İqtisadiyyat.az secki-2024.az-a istinadən xəbər verir ki, seçki məntəqəsi saat 7:50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib. Məntəqə üzrə qeydə alınan 526 seçici səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu, Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində yaradılıb.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir. Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.