Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb. Tərəflər Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib, diplomatik idarələrin rəhbərləri Qəzza zolağında davam edən qarşıdurmadan narahat olduqlarını bildiriblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Xarici əlaqələr idarələrinin rəhbərləri Fələstin-İsrail münaqişəsi zonasındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub. Tezliklə atəşkəs və təcili humanitar yardımın göstərilməsinə ehtiyac olduğu qeyd edilib. Zərərçəkmiş mülki əhalinin olduğu vurğulanıb", - deyə məlumatda bildirilir.

Lavrov iranlı həmkarını Rusiyanın BMT Təhlükəsizlik Şurası vasitəsilə gərginliyin azaldılması və vəziyyəti siyasi-diplomatik kanala ötürülməsinə yönəlmiş səyləri barədə məlumatlandırıb: "Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər aktual məsələlərə də toxunulub".