Aİ-yə üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün dəniz missiyasının yaradılmasını müvəqqəti olaraq təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Bu missiyanın fevralın 19-dan gec olmayaraq yaradılması planlaşdırılır. O, ticarət gəmilərini Yəmənin üsyançı Husi hərəkatının artan hücumlarından qoruyan digər ölkələrlə koordinasiyada işləyəcək.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra yəmənli Husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. CENTCOM-un hesablamalarına görə, Husilər 2023-cü ilin noyabr ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.