Qarabağ gözəl, səfalı, gözoxşayan bir ərazidir. Ancaq Qarabağ problem olaraq bataqlıqdır. Qarabağ probleminə daxil olan xalqlar da, dövlətlər də, təşkilatlar da boğulmağa məhkumdur.

SSRİ kimi imperiya dağılmamış başlayan münaqişə daha sonra Ermənistan və Azərbaycanı düşmən, Rusiyanı hakim etdi. BMT qarışdı, həll edilmədi. Ən sonda Azərbaycan müharibə yolu ilə işğal edilmiş torpaqlarının 75 faizini işğaldan azad edə bildi. Bir çoxları düşünürdü ki, problem bundan sonra daha asan həll olacaq. Müharibə bitən günün səhərisi yazılarımın birində qeyd etmişdim ki, "müharibə hələ indi başlayır". 44 günlük müharibədən sonra "bataqlığa" daxil olan ölkələrin sayı da artdı. İran və Fransa açıq diş göstərdi, Türkiyə isə regiona Monitorinq Mərkəzinin tərkibində daxil oldu. Beləcə bataqlıq daha da dərinləşdi, problem daha da qəlizləşdi. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, uzlaşmaq imkansızdır. Tərəflərdən hər birinin fərqli maraqları var. Heç bir tərəf də maraqlarından geri addım atmaq istəmir. Ritorika hər keçən gün daha da sərtləşir. Tərəflər hər nə qədər görüşlər keçirsə də, nəticə imkansız hala gəlib çıxır. Misal üçün, dünən Moskvada tərəflərin və Rusiyanın xarici işlər nazirinin iştirakı ilə görüş keçirilib. Hər kəs görüşün nəticəsi barədə danışır, proqnoz verir. Ancaq məlum olur ki, ölkə rəhbərlərinin görüşməsi üçün razılıq əldə olunub. Dolayısı ilə tərəflər rəsmi olaraq bildirdi ki, danışıqlar vaxtı daha bir müddət uzanacaq...

Ermənistan baş naziri Nikol Paşinyan Fransa mətbuatına açıqlama verəndə proseslərin yeni müharibəyə apardığını dedi. Regiondakı gərginliyə və tərəflərin ritorikalarına baxdıqda prosesin bu istiqamətdə getdiyini görürük.

Yeri gəlmişkən, problem təkcə Qarabağla bağlı deyil. Məlum Zəngəzur dəhlizi ilə bağlı qərarın olmaması da vəziyyəti gərginləşdirən amillərdən biridir.

Qarabağ problemi bataqlığa bənzədiyi kimi Zəngəzur dəhlizi də Qordi düyününü xatırladır. Çin rəsmi olaraq yolun açılmasında maraqlı olduğunu bəyan edir. Azərbaycan da dəhlizin açılmasında Çin qədər maraqlıdır. Azərbaycanın marağı təkcə iqtisadi deyil, bu dəhliz vasitəsi ilə Naxçıvana da kontrolsuz gediş-gəliş təmin olunacaq. Türkiyənin maraqları həm iqtisadi, həm də siyasidir. Türkiyə məlum yolun açılması ilə çox ciddi iqtisadi dividentlər əldə edəcək. Bu iqtisadi dividentlər isə onun regionda aparacağı siyasətə, xüsusilə hücum diplomatiyasına təkan verəcək. Rusiya Qərbin iqtisadi sanksiyaları ilə sıxılır. Rusiya üçün bu yol nəfəslikdir. Rusiya bu yol açılarsa, iqtisadi məngənədən çıxacaq. Beləliklə, yenidən hücum diplomatiyasına davam etmək şansı qazanacaq. İran bu yolun açılmasında maraqlı olmayan əsas dövlətlərdən biridir. Bu yol açılarsa, İranın Bəndər-Abbas limanının əhəmiyyəti xeyli dərəcədə aşağı düşəcək. İran son dərəcə ağır iqtisadi zərbə alacaq. 

Fransa da İran qədər bu yolun açılmasında maraqlı deyil. Bu yol açılacağı təqdirdə Suveyiş kanalı da əhəmiyyətini itirmiş olacaq. Suveyiş kanalı Fransa üçün o qədər əhəmiyyətlidir ki, hətta Misir kanalı milliləşdirmək istəyərkən Fransa Misirə müharibə elan etmişdi. Yeri gəlmişkən dünyanın istər əhali, istərsə də iqtisadi baxımdan inkişaf edən güclərindən biri də Hindisatandır. Hindistan Çinlə rəqabət içərisindədir. Yeri gəlmişkən bu iki ölkə arasında həm də sərhəd problemi də var. Ara-sıra lokal toqquşmalar da olur. Hindistan da öz məhsullarını dünya bazarına, daha dəqiq Avropaya çıxarmaq üçün marşurut xətti axtarışındadır. Hindistan hətta İran, Ermənistan və Gürcüstandan keçməklə Aralıq dənizinə keçən marşurut xətti təklif edir. Sadəcə olaraq Ermənistan və Gürcüstan ərazisinin relyefi bu xətti cəlbedici etmir.

Regionda olan dövlətlərin maraqları aydındır. Yolun açılmamasının səbəkarı olan ölkələr yolun üstündə olmayanlardır. Rusiya, Fransa əsas, Hindistan isə dolayısı ilə mövqe nümayiş etdirir. Düyün nöqtəsi isə Zəngəzurdur. Rusiya hətta 10 Noyabr bəyanatında Zəngəzurdan keçəcək dəhlizdə oturacağı ilə bağlı bənd də salıb. Fransa Suveyiş kanalından itirəcəklərini Zəngəzurda oturmaqla konpensasiya etmək istəyir. Rusiya isə heç kimə pay vermək niyyətində deyil. Beləliklə, dünyanın bir neçə ölkəsi Qordi düyününə bənzəyən Zəngəzur məsələsinin necə həll olması ilə bağlı baş sındırır. Yeri gəlmişkən, Çindən İngiltərəyə qədər uzanacaq marşrut xəttində dövr edəcək məhsulların dəyəri trilyonla ölçülür.

Bu düyünü açmağın ən asan yolu kimi hərb görünür. İndiki məqamda Paşinyanın yeni müharibə barədə açıqlaması da hesab edirəm ki, məhz bundan qaynaqlanır. Müharibə heç bir ölkəyə lazım deyil. Ancaq iqtisadi maraqlar üzərində uzlaşma əldə edilməsə, müharibə qaçınılmaz olacaq.

Səxavət Məmməd