Rusya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə uzun illər təbii resurslarımız Ermənistan tərəfindən istismar edilib, yağmalanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamalarına görə, müxtəlif növlərdə qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılar talan edilib.

İqtisadçı Natiq Cəfərli deyir ki, sovet vaxtından qalmış sənədlərə əsasən, hazırda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə nadir metallar və qızıl yataqları kifayət qədərdir:

“Yataqların həcmi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Çünki, Azərbaycan tərəfindən monitorinq və hesablamalar aparılması hələ ki, mümkün olmayıb. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə olan təbii resurslar əsasən də yataqların həcmi iqtisadi-nöqteyi nəzərdən istismar edilməsi üçün kifayət qədər cəlbedicidir.”

Təbii ki, bu resursların hazırkı həcmini bilmədən, dəqiq hesablamalar aparılmadan dəyərini təxmin etmək çətindir. Lakin, işğal dövründə Ermənistan ÜDM-nın 12 %-ni dağ-mədən sənayesi verirdi ki, bu da işğal altında olan torpaqlarımızdan çıxarılan metallar idi. Monitorinqlər və hesablamalar aparıldıqdan sonra düşmənin verdiyi ziyanı qiymətləndirmək mümkün olacaq:

“Dağ-mədən sənayesinin potensialını nəzərə alsaq, dəymiş ziyan milyonlarla dollara bərabərdir. Amma qiymətləndirmədən sonra əldə ediləcək gəlir Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək. Minlərlə iş yerinin açılması mümkün olacaq. Həmçinin, həmin bölgədə dəyəri artan və yaşıl enerjiyə keçiddə istifadə olunan əlvan metallar var. O cümlədən molibden yataqlarından çıxarılanlar elektrik avtomobillərindən günəş panellərinə qədər bir çox yaşıl enerji sahələrində istifadə olunacaq.”

Belə olan halda Azərbaycan torpaqlarında Azərbaycan vətəndaşları ilə burun-buruna dayanan Rusiya sülhməramlılarının məramını anlamaq o qədər də çətin deyil. Lakin, onlar anlamalıdırlar ki, müvəqqəti ayaq basdıqları torpaqlardan qalxan toz belə artıq Azərbaycanındır.

Məhəbbət Məmmədov