Ağdam rayonunun Sarıcalı kəndində məhəllə daxili yolların və səkilərin tikintisi işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Qeyd edilib ki, yollar və səkilər Baş plan üzrə salınacaq. 

Sözügedən tikinti işlərini "Aztimont" Açıq Səhmdar Cəmiyyəti 11,5 milyon manata icra edəcək.

Müqavilə bağlanarkən qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yarana bilən əlavə xərclər də nəzərə alınıb.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Ağdam rayonunun Sarıcalı kəndi yenidən salınır. Bu ilin sonuna qədər Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ağdam rayonunun Sarıcalı kəndinin təməli 2022-ci ilin oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.