İnsan orqanizmini xəstəliklərə daha dözümlü etmək məqsədi ilə peyvənd tətbiq olunur. Lakin peyvəndin özünə münasibət birmənalı deyil. Həm də bütün dünyada. Əslində peşəkar həkim-mütəxəssislər peyvəndin vacibliyi barədə dəfələrlə mövqe bildirsələr də sıravi insanlar arasında şübhələr səngimir. 

Londondakı Brunel Universitetinin keçən ilə aid hesabatında qeyd olunur ki, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya və ABŞ-da yaşayan insanların 13 %-i peyvəndsizdir. Onların 87%-i könüllü olaraq peyvənddən imtina etdiklərini bildirirlər.

Kaiser Ailə Fondu tərəfindən keçən ilin yayında aparılan sorğunun nəticələri göstərib ki, ABŞ-də övladı 5 yaşından kiçik olan valideynlərin 43%-i uşaqlarını Covid-19-a qarşı peyvənd etdirməkdən imtina ediblər.

 

 

Rəqəmlər elm adamlarında narahatlıq yaradır. Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini Afaq Əliyeva peyvəndin xüsusilə uşaqlar üçün vacib olduğunu bildirib və əlavə edib: “Keçən ilin dekabrından başlayaraq Avropa regionu ölkələrində qızılca xəstəliyi yayılmaqdadır. Əsasən də bizə həmsərhəd olan Rusiya, Türkiyə və Gürcüstanda. Peyvəndi olmayan, immuniteti aşağı olan insanlar, əsasən də uşaqlar asanlıqla yoluxa bilər”. 

A.Əliyevanın sözlərinə görə, hazırda ölkədə 11 infeksiyaya qarşı pevvənd işləri aparılır: “İlk peyvəndləri uşaq doğum evində alır. İlk 12 saat ərzində hepatit B əleyhinə, bir də vərəm əleyhinə peyvənd tətbiq olunur. Uşaq evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata götürülür və iki ayından başlayaraq bir yaşa qədər müəyyən peyvəndlər alır. Sonra bir yaşdan iki yaşa qədər və altı yaşında”. 

Həkim-pediatr Müsənbər Səfərova bəzi valideynlərin narahatlığını əsassız hesab edir: “Suçiçəyinə, rotavirusa qarşı insan papilloması virusu peyvəndi var ki, 12 -15  yaşında qızlara tətbiq olunur. Bunlar birbaşa valideynlərin xahişi ilə həyata keçirilir. Bundan başqa qrip peyvəndi var ki, bunlar sentyabr ayından başlayaraq uşaqlara tətbiq olunur. Peyvəndlərə qarşı bəzilərində bir qorxu yaranır. Mən deyərdim ki, bu əsassız bir qorxudur.”

 

 

Pediatrın fikrincə peyvənd bütün uşaqlar üçün vacibdir, lakin bəzi uşaqlar üçün həkimin xüsusi qərarı olmalıdır: “Ölkəmizdə allergiyalı uşaqlar çoxdur. Allergiya dövründə uşaqlara peyvənd vurulmur. Çalışmaq lazımdır ki, müayinə nəticələrinə əsasən peyvəndin tətbiqinə həkim qərar versin. Qızılca, məxmərək, göy öskürək, difteriya, tetanus. Bu xəstəliklər demək olar ki, hazırda ölkədə yox dərəcəsindədir. Hamısı peyvəndlərin nəticəsidir”.

Bəs peyvənddən sonra yaranan xırda fəsadlar təbiidirmi? Pediatrın fikrincə burada qorxulu heç nə yoxdur: “İnyeksiya yerində şişkinlik, qızartı, hərarətin yüksəlməsi, ümumi narahatlıq, bəzən peyvəndi gecikmiş yeriyən uşaqlarda adımların atılmasında çətinlik kimi hallar valideynləri narahat edir. Bu yanaşı reaksiyadır və normaldır. Bu yan reaksiyalardır. Əsas vacib olan uşaqların o xəstəliyə tutulmamasıdır”. 

Professor Adil Qeybulla da peyvəndin vacibliyindən söz açıb: “Vaksinasiya nəticəsində bu gün kütləvi ölümlər yoxdur. Uşaqlar və böyüklər arasında vaksinlərin vaxtında vurulması bütün dünyada çox ciddi bir məsələdir. Bunun üçün milli vaksin təqvimi var. Bu Dünya Səhiyyə Təşkilatının və YUNİSEF-in tövsiyəsi ilə təsdiq olunub”.

 

 

YUNİSEF-in son hesabatına görə, son 3 il ərzində dünyanın 55 ölkəsində 67 milyon uşaq məhdud səhiyyə şərtləri, tibbi resursların çatışmazlığı və valideynlərin inamsızlığı səbəbindən bir və ya bir neçə peyvənddən məhrum olub. Buna baxmayaraq, peyvəndin faydasına inananların sayı da az deyil. Tədqiqat aparılan 55 ölkənin demək olar ki, yarısında respondentlərin 80 %-dən çoxu peyvəndləri uşaqlar üçün vacib hesab edir.

Bütün mütəxəssislərin yekdilliklə gəldiyi qənaət də budur: Əgər valideyn uşağını peyvənd etdirmirsə, onu risk qarşısında qoyur. Uşaqlar bizim gələcəyimizdirsə, gələcəyi risk altında qoymayaq.