Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Peşələr Festivalının növbəti dayanacağı Sabirabad rayonudur.

Ölkəyə səs salan Festival noyabrın 16-da Sabirabad rayonundakı Heydər Əliyev parkında keçiriləcək.

Festival çərçivəsində 14 peşəkar peşələrin sirrini bölüşəcək. “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivala muxtar respublikanın sakinləri dəvətlidir.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçiriləcək.

Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.  

Xatırladaq ki, bu il Peşələr Festivalı oktyabrın 28-də Quba rayonundan start götürüb. Daha sonra oktyabrın 30-da İsmayıllı, noyabrın 1-də Zaqatala, noyabrın 3-də Şəmkir, noyabrın 5-də Salyan, noyabrın 9-da Ordubad, noyabrın 11-də Naxçıvan və noyabrın 14-də isə Cəlilabadda keçirilib. Festivala noyabrın 18-də Bakı şəhərində yekun vurulacaq.