“Təkcə dərman vasitələrinin qiyməti ilə bağlı yox, keyfiyyəti və digər məsələlərlə bağlı bir sənəd hazırlanır”.

İqtisadiyyat.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Deputat deyib ki, sənədin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.

Deputat Razi Nurullayev isə qeyd edib ki, dərmanların qiyməti baha olmaqla bərabər keyfiyyətsiz və təsirsizdir: “Alman, ingilis aptekləri var, dərmanlar bu apteklərdə daha baha qiymətədir. Vətəndaş niyə yaxşı aptek axtarır? Niyə bir aptekdə eyni tərkibli dərman 10 manata, digərində 100 manata satılır. Mən alman, ingilis apteklərinin olmasına qarşı deyiləm, vətəndaşların aldadılmasına qarşıyam. Yeri gəlmişkən, Qida Təhlükəsizliyi Agentliyi bu yaxınlarda məlumat yaydı ki, filan kolbasalarda ümumiyyətlə, ət yoxdur. Bu, nə biabırçılıqdır. Dərman sahəsində də belə biabırçılıqlar aradan qaldırılmalıdır”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov nəzərə çatdırıb ki, elə dərmanlar var ki, Almaniya ilə müqayisədə 20 dəfə baha satırlar: “İki, üç dəfə qiymət baha olsa, haradasa başa düşmək olar. Ancaq Almaniyada 5 avro olan dərman necə 150 avro ola bilər? Dərman gətirən, satan, yoxlayan ayrı olmalıdır. Görürsən ki, bizdə dərman gətirən, ekspertizasını keçirən və aptekə verən də eyni adam olur. Bəzən dərman zavoduna belə sifariş verirlər ki, dərmanın tərkibi aşağı olsun. Digər tərəfdən, insanların xaricdən müalicələri üçün dərman gətirməsinə maneələr də aradan qaldırılmadır. Qoyun insanlar müalicələri üçün dərmanlar gətirsinlər”.

Deputat Fəzail Ağamalı deyib ki, dərman vasitələrinin qiymətlərinə əlçatanlığın olmaması problemi var: “Belə problem var, bu, reallıqdır. Burada bazar iqtisadiyyatı, dərman gətirən və satanların maraqları, o cümlədən möhtəkirlər var. Dərmanlara nəzarət mərkəzi icra strukturlarının birinə həvalə etmək olar. İndi bilmir ki, bu dərman məsələsinə Səhiyyə Nazirliyi, yoxsa başqa qurum baxır. Əvvəllər məsələlərə təkcə Səhiyyə Nazirliyi baxırdı, indi müraciət edirsən, deyir ki, o məsələyə TƏBİB baxır, ora düşmək isə kosmosa düşmək kimi bir şeydir”.

Deputat Vüqar Bayramov bildirib ki, keçən il hökumət dərman alınmasına 505 milyon manat xərcləyib və bu, dərman vasitələrinə ayrılan vəsaitin 2 dəfə artdığını göstərir: “Dərmanların qiymətinə idxal prosedurlarının asanlaşdırılması da təsir göstərə bilər. Dərmanların qiymətinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Bəzi hallarda dərmanların qiyməti düzgün tənzimlənmədiyi üçün sahibkarlar dərmanları konkret bir ölkədən gətirirlər”.