Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müdafiə quruculuğu və Silahlı Qüvvələrin (SQ) inkişafı məsələləri ilə bağlı müşavirə keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Qoşunların döyüş qabiliyyətinin və döyüş səmərəliliyinin daha da artırılması, müasir silah və hərbi texnika ilə təchiz edilməsi, mövcud silah-sursatın müasirləşdirilməsi, ölkə gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi, o cümlədən hərbi qulluqçuların, onların ailə üzvlərinin sosial müdafiəsi məsələləri müzakirə edilib", - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, müşavirədə müdafiə nazirinin "Qoşunların döyüş və mənəvi-psixoloji hazırlığının səmərəliliyinin artırılması, idarəetmə orqanları, birləşmə və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında" məruzəsi dinlənilib.

Həmçinin bildirilir ki, 2023-cü ildə respublikanın 35 mindən çox hərbi qulluqçusunun iştirak etdiyi 580-dən çox əməliyyat-döyüş hazırlığı tədbiri keçirilib ki, bu da qoşunların döyüş hazırlığının səmərəliliyini, onların peşəkarlığını, mənəvi-psixoloji hazırlığını artırıb.

"İclasda milli ordunun müasir silah və hərbi-texniki avadanlıqla təchiz edilməsi, müdafiə-sənaye kompleksinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb", - deyə mətbuat xidmətindən bildirilib.