Əhməd Qəşəmoğlu: "Sonsuzluğun genetik olması göstəriciləri aşağıdır".

Naridə Əsgərova: "Türk cəmiyyətlərində övladsız ev düşünülmür".

Deputat Qənirə Paşayeva Milli Məclisin iclasında çıxışı zamanı bildirib ki, övlada görə dağılan ailələrin sayı çoxalıb. Bu istiqamətdə Səhiyyə Nazirliyi və TƏBİB isə bir çıxış yolu tapa bilmir. Bəs görəsən, ailələrin dağılmasının qarşısını necə almaq olar?

 

 

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, indiki dövrdə evlənənlərin 35-40 faizi boşanır:

"Yeni nəsil ailələrin 90 faizində gərginlik var. Övlad olmamasına görə boşananların sayının azalması ilə bağlı müvafiq qurumların heç bir iş görə bilməməsi təbiidir. Çünki problemin həllinə mahiyyətinə görə yanaşılmır. Müvafiq qurumun səlahiyyətliləri mövzu barədə ətraflı məlumata sahib deyillər. Övladı olmayan ailələr arasında sosioloji araşdırma aparılmalıdır. İndiki dövrdə sonsuzluğun genetik olması ilə bağlı göstəricilər aşağıdır. Övlad olmamasının başlıca səbəbi insanların həyat tərzidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və TƏBİB sosioloqlarla birgə müzakirələr aparmalı və problemi təhlil edərək elmi yolla həll etməlidir. Əks halda dağılan ailələrin sayı getdikcə artacaq".

 

 

Xüsusən də türk cəmiyyətlərində ailənin uşaqsız təsəvvür edilmədiyini qeyd edən ginekoloq Naridə Əsgərovaya görə, sonsuzluq problemində müayinə olunmadan birmənalı olaraq qadınların günahkar görülməsi təəssüf doğurur:

"Sonsuzluq bir il qorunmasız münasibətə baxmayaraq, hamiləliyin olmamasıdır. Çoxalma dövründə olan hər 100 cütlükdən 10-15 nəfərdə sonsuzluq görülə bilər. Yaş artdıqca bu nisbət daha da artır. Sonsuzluq təkcə bir səbəbə bağlı olmaqla yanaşı, eyni zamanda bir neçə problemin birləşməsindən də qaynaqlana bilər. Sonsuzluqla mübarizədə güvənli və effektiv müalicə metodları mövcuddur. Bu müalicələr cütlüklərin övlad sahibi olma ehtimalını artırır. Sonsuzluğun səbəbi qadından və kişidən qaynaqlansa da, 15 %-lik xəstə qrupunda bütün müayinələrə baxmayaraq səbəb tapılmır. Hamiləlik bəsit və fizioloji bir proses olaraq görülsə də, əslində vəziyyət bilindiyindən çox qarışıqdır. Sonsuzluq həyati təhlükə yaradan xəstəliklər qrupuna aid olmasa da şəxsə və cəmiyyətə təsir edən bəsit bir ginekoloji problemdən daha çox bioloji, sosial, psixoloji tərəfləri olan sağlamlıq problemidir. 

Sonsuzluq inkişaf etməkdə olan ölkələr üçün vacib bir sağlamlıq problemidir. Bir çox mədəni quruluşlarda evliliyin əsas məqsədi uşaq sahibi olmaq arzusundan qaynaqlandığı üçün sonsuzluq əsaslı bir boşanma səbəbi sayılır. Türk cəmiyyətlərində övladsız ev düşünülmür. Uşaq sahibi olmamaq qadın üçün sağlamlıq problemi olaraq deyil, yetərsizlik kimi görünür. Hamiləlik və sağlam uşaq dünya gətirməklə bağlı məsuliyyətin qadının çiyinlərinə yüklənməsi, eyni zamanda sonsuzluğun əsas səbəbkarının qadın olduğuna inanılması qadının yetərsiz olaraq görülməsinə səbəb olur. Ona görə də qadınlar illərlə təktərəfli müalicə almağa məcbur edilir, ya da qeyri-peşəkar müalicələr almağa məcbur olur. Bir çox hallarda bu prosedurlar qadının vücuduna zərər verərək qalıcı və müalicəsi mümkün olmayan zərərli durumlara səbəbiyyət verməkdədir. Bu baxımdan doğru yönləndirmə çox önəmlidir. Belə ki, vaxtında müraciət, cütlüklərin qaydası üzrə araşdırılması və düzgün müalicə protokulunun təyin edilməsi həm cütlüklərin daha az psixoloji yorğunluguna, həm də daha az maddi itki ilə pozitiv nəticə almasına vəsilə olacaq".

Gülşən Şərif