Qlobal neft tələbinin 2045-ci ildə ötən illə müqayisədə gündəlik 16 milyon barel artaraq 116 milyon barelə çatacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal iqtisadiyyat, enerji və neft tələbatı ilə bağlı proqnozlarını özündə əks etdirən Dünya Neft Görünüşü Hesabatında deyilir.

Məlumata görə, enerji siyasətləri və iqlim öhdəlikləri səbəbindən kömürdən başqa bütün yanacağa tələbin uzunmüddətli perspektivdə artması gözlənilir. Keçən il qlobal enerji kompleksində payı təxminən 2,7% olan bərpa olunan enerji mənbələrinin 2045-ci ildə 11,7% payı olacağı təxmin edilir.

Hesabata görə, qlobal neft tələbində güclü artım gözlənilir. 2045-ci ilə qədər neftin 29,5%-lə qlobal enerji kompleksində ən böyük paya sahib olacağı proqnozlaşdırılır. Qlobal təbii qaz tələbinin 2045-ci ilə qədər gündəlik 20 milyon barel artaraq 87 milyon barel neft ekvivalentinə çatacağı təxmin edilir.

 

Gözəl Həşimova