Son illərdə Azərbaycanın hüquq sahəsində nəzərəçarpacaq inkişaf meylləri müşahidə olunur. 

Prezident İlham Əliyevin 4 il əvvəl “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi” haqqında fərman imzalaması, bu ilin aprelində İnam Kərimovun Ali Məhkəmənin sədri təyin edilməsi və digər önəmli qərarlar məhkəmə islahatlarının tərkib hissəsi sayıla bilər. 

Lakin bunlarla yanaşı, məhkəmələrdən narazı olanlar da var. Ümumiyyətlə narazılığın spektri çox genişdir. Biz isə bunlardan yalnız birinə fokuslanmaq istəyirik. Azərbaycanda məhkəmə prosesləri bəzən kifayət qədər uzun müddət davam edir. Bu nədən qaynaqlanır? Vətəndaşlar yaşa dolur, həyatlarında ciddi dəyişikliklər baş verir, hətta kimlərsə dünyasını dəyişir, məhkəmə işləri isə bitmək bilmir. Məhkəmə iclaslarının tez-tez bəsit səbəblərdən dolayı uzunmüddətli təxirə salınması, işlərin ləng aparılması ən çox narazı qalınan məqamlar sırasındadır. Biz də bu məsələni araşdırmaq qərarına gəldik. 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran vəkil Anar Məmişovun fikrincə, gecikmələr daha çox cinayət işləri və inzibati işlərdə müşahidə olunur:

“Kommersiya və mülki işlərdə işlərə baxılmasının müddətləri var. Məhkəmələrdə buna əməl olunur və müəyyən müddət ərzində bu işlər yekunlaşır. Müddətlə bağlı əsas problem inzibati işlərdə və cinayət işlərində olur. Cinayət işlərində ibtidai istintaqın konkret müddətləri var. Eyni zamanda müddətlərin uzadılmasının halları, əsasları da var. Hansı ki, ya prokuror, ya yuxarı prokuror, ən müstəsna hallarda baş prokuror istintaq müddətini uzada bilir. Amma istintaqın müddəti bu hallardan əlavə uzadıla bilmir.

Amma inzibati və cinayət işlərinin məhkəmələrində işə baxılmasının konkret müddəti nəzərdə tutulmur. Qanunvericilik burada ağlabatan müddət götürür. Yəni işlərə ağlabatan müddətdə baxılmalıdır. Burada isə müxtəlif səbəblərdən vaxt uzanmaları baş verir. 

Birinci səbəb hakimlərin icraatında işlərin çox olmasıdır. Bəzən, məsələn, Ağır Cinayətlər Məhkəməsində işləyən bir hakimin icraatında 40-50 cinayət işi olur. Bu qədər işin istintaqını aparmaq, məhkəmədə işə baxmaq xeyli vaxt tələb edir. Ya şahid, ya zərərçəkmiş, ya təqsirləndirilən şəxs gəlmirsə, növbəti prosesi gec təyin etməli olurlar. Düşünmürəm ki, hakimlər özləri bunda maraqlı olsun. Bu daha çox iş yükünün ağır olması ilə bağlıdır. Ona görə də hakimlərin sayı artırılmalıdır”.

 

 

Vəkil hesab edir ki, bəzi işlərə sadələşdirilmiş şəkildə baxmaq olar: 

“Elə inzibati işlər olur ki, proseduru və nəticəsi çox zaman eyni olur. Buna görə də düşünürəm ki, vahid inzibati təcrübə formalaşmalıdır. Məhkəmə islahatları həm də inzibati orqanların öz vəzifələrini daha çevik yerinə yetirməsinə hesablanmalıdır. Bunun üçün də təklif edirəm ki, vahid inzibati icraat yaradılsın. Bir məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, o zaman eyni işlərdə həmin qərar nümunə götürülsün və əlavə vaxt itirilməsin”.  

A.Məmişov problemin həlli yolları ilə bağlı fikirlərini belə yekunlaşdırıb: 

“Mülki işlərdə olduğu kimi, cinayət işlərində və inzibati işlərdə də bəlli müddətlər qoyulsa, yaxşı olar. Ən azı həmin müddətlərdən kənara çıxma halları yaşanmaz. Mülki işlərdə 4 ay, müstəsna hallarda isə 6 ay ərzində işlərə baxılır.

Bundan başqa hakimlərin və hakim köməkçilərinin saylarının artırılması, həmçinin onların maaşlarının yüksəldilməsi də bu sahədəki müəyyən problemləri aradan qaldıra bilər. Maaş artımı ona görə vacibdir ki, hüquqşünasların bu sahəyə marağı artmış olsun, bu sahədə işləməyə can atsınlar”.

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran iqtisadçı Natiq Cəfərli məhkəmə proseslərinin vaxtının uzanmasını iki səbəblə izah edir:

 

 

“Obyektiv səbəb ondan ibarətdir ki, Azərbaycanda məhkəmə hakimlərinin sayı azdır. 10 milyonluq ölkədə cəm 600-ə yaxın hakim var. Bunun da çox az bir hissəsi məhz inzibati və iqtisadi işlərdən məsuldur. İşlərə baxılması üçün böyük bir zaman ehtiyacı yaranır. 

Amma daha çox subyektiv səbəblər təsir göstərir. Bəzən mülkiyyət problemlərində, iqtisadi və inzibati çəkişmələr zamanı maraq qrupları obrazlı desək, qərar uğrunda savaşa başlayırlar. Yəni müxtəlif təzyiq-təsir vasitələri axtarırlar. Müxtəlif zənglər, müxtəlif adamlar işin içinə girir. Maraq qrupları “lobbi” fəaliyyəti göstərirlər ki, bu zaman da işlərin uzanması qaçılmaz olur. Zaman-zaman hakimlər qərar verməkdə çətinlik çəkirlər və işi təxirə salaraq hansı tərəfin daha çox önə çıxacağını gözləmək məcburiyyətində qalırlar. Istənilən halda bu məsələ kökündən həll olunmalıdır”.