Keçmiş ABŞ prezidenti Barak Obama Yunanıstandakı miqrant gəmisinin faciəli aqibəti ilə bağlı açıqlamasında Qərb mediasını tənqid edib. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada xeyriyyəçi təşkilatlardan birinin təşkil etdiyi konfransa qatılan 61 yaşlı siyasətçi Yunanıstanda baş vermiş miqrant faciəsi və “Titanik”in qalıqlarını izləmək üçün okean dərinliklərinə dalan və sıradan çıxan “Titan” sualtı qayığı ilə bağlı dəyərləndirmə edib: “Sualtı qayıqla bağlı baş verə biləcək faciənin gedişatı dünya mətbuatında dəqiqəbə-dəqiqə izlənir. Bu başa düşüləndir, axı biz hamımız ümid edirik və dua edirik ki, bu insanlar xilas olsun. Lakin bu hadisə 700 nəfərlik gəminin batmasından daha çox diqqət çəkir... Bu, qəbuledilməzdir”.

Məlumat üçün bildirək ki, keçmiş prezident bu sözləri “Titan” sualtı qayığı hələ tapılmadığı vaxt dilə gətirib. 

Qeyd edək ki, “Titan” batiskafının okean dərinliklərində sıradan çıxması və ilkin versiyaya görə, partlaması nəticəsində 5 nəfər - Aviasiya sənayesində xidmət edən “Action Aviation” şirkətinin sahibi, ingilis milyarder Hamish Harding, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman Davud, “OceanGate”in qurucusu və baş direktoru Stockton Rush və fransız sualtı pilot Paul Henry Nargeolet həyatını itirib. Bu səyahətdə bir biletin qiyməti 250 min dollar civarındadır.

Yunanıstandakı miqrant faciəsi isə iyunun 14-də baş verib. 700 miqrantı Liviyadan İtaliyaya aparan gəminin batması nəticəsində 82 nəfər həyatını itirib, 104 nəfər isə xilas edilib. Sağ qalanlardan 47-nin Suriya, 43-nün Misir, 12-nin Pakistan, iki nəfərin isə Fələstin vətəndaşı olduğu bildirilir.