ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail-Livan sərhədində gərginliyi azaltmaq üçün İsrail, Livan hakimiyyətləri, eləcə də Hizbullah partiyasının silahlı qanadının vasitəçiləri ilə danışıqlar aparır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The New York Times" danışıqların iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hawksteen Amerika tərəfinin diplomatik səylərində iştirak edir. Hazırda danışıqlarda əsas səylər İsrail və Hizbullah arasında toqquşmaların genişmiqyaslı münaqişəyə çevrilməməsinə yönəlib. Xüsusilə, Hawksteen tərəfləri eskalasiyanın riskləri barədə xəbərdar edib və İran və ABŞ-nin qarşıdurmaya cəlb edilməməsi üçün maksimum təmkinli olmağa çağırıb.

Qeyd olunub ki, ABŞ səlahiyyətliləri münaqişə zonasında on minlərlə mülki şəxsin evlərinə qayıda bilməsi üçün İsrail-Livan sərhədində sabitliyin təmin edilməsini nəzərdə tutan yeni uzunmüddətli sazişin müddəaları ilə bağlı tərəflərlə danışıqlar aparır.