"Niyə bizi Avropa ilə müqayisə edirsən?", "Bakı Avropa deyil", "Bura heçvaxt düzəlməyəcək" kimi bir çox tənqid və irad oxuyuram. 
Bu videoreportaj 1970-ci ildə Amsterdam şəhərində çəkilmişdir. Bu mənzərə sizə tanış deyil ki?
50 il əvvəl sözügedən şəhər eyni ilə Bakının bu gün yaşadığı problemlərlə üzləşib. Avropa şəhərlərində parkinq yerlərinin azlığı və tıxaclar ən böyük problem idi. Yer olmadığından sürücülər səkiləri zəbt edirdi. 
Məhz o dövrdə Avropanın iri şəhərləri sürətlə artan avtomobilləşmə ilə üzləşdi. Bizdə isə bu, obyektiv səbəblərə görə 1990-cı illərin sonunda başladı və hələ də davam edir. Kütləvi avtomobilləşmə yeni bir şey olduğu üçün, bu problemin həlli bilinmirdi. İntuitiv olaraq, Amerikan şəhərlərinin seçdiyi yolu, yəni, şəhərləri avtomobilə uyğunlaşdırmaq cəhdləri başladı. Lakin Amerikadan fərqli olaraq sıx məskunlaşmış tarixi şəhərlərdə bunu etmək asan məsələ deyil. Budan əlavə yol-nəqliyyat hadisələrinin kəskin artması səbəbindən cəmiyyətdə narazılıq yaranırdı. 
Nəticədə Avropada avtomobil yönümlü şəhər yaratmaq məqsədi daşıyan eksperimentlər uğursuz hesab edildi və üstünlük piyadalara, velosipedçilərə və ictimai nəqliyyata verildi. 
Bu gün Amsterdamın küçə-yol şəbəkəsi və ictimai nəqliyyatı bütün dünya üçün nümunədir.
Belə ki, Bakının bugünkü vəziyyəti heç də unikal deyil, bütün iri şəhərlərin ötən əsrdə keçdiyi yoldur.
Əsas məsələ odur ki, biz gərək 50 il gözləməyək, müasir təcrübəni araşdırıb elə bu gün tətbiqinə başlayaq.

Hüseyn Abdullayev, şəhər nəqliyyat eksperti

İqtisadiyyat.az