İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkməyəcək və hətta ABŞ-nin dəstəyi olmadan belə əməliyyat keçirməyə hazırdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivə səfərə gələn ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra deyib.

"Bu gün mən dövlət katibi Blinkenlə görüşdüm. Ona dedim ki, HƏMAS-a qarşı müharibədə 5 aydan artıqdır ki, birlikdə vuruşduğumuzu həqiqətən yüksək qiymətləndirirəm. Həmçinin dedim ki, biz mülki əhalinin döyüş bölgələrindən təxliyə edilməsinin vacibliyini başa düşürük", - deyə Netanyahu qeyd edib.

"Amma mən onu da dedim ki, Rəfaha girmədən və orada qalan batalyonları məhv etmədən HƏMAS-ı məğlub etmək üçün heç bir yolumuz yoxdur. Ümid edirəm ki, ABŞ-nin dəstəyi ilə bunu edəcəyik, amma lazım gələrsə, bunu təkbaşına edəcəyik", - İsrailin baş naziri əlavə edib.