Azərbaycanın enerji tarixində ilk xarici sərmayə əsaslı ən böyük günəş elektrik stansiyasının (GES) istifadəyə verilməsi, həmçinin 1 000 MVt gücündə günəş və külək enerjisi layihələrinin icrasına dair investisiya müqavilələrinin imzalanması göstərir ki, ölkənin “yaşıl enerji” və “yaşıl investisiya” planları uğurla reallığa çevrilir.

İqtisadiyyat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün “Qaradağ” GES-in açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsinin imzalanmasıl mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycan “yaşıl enerji” istehsal və ixrac edən ölkə kimi strateji hədəflərini “Masdar” şirkəti ilə reallaşdırmaqdan məmnundur: “Bu layihələr 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 33 %-dək yüksəlməsində mühüm rol oynayacaq”.

“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Cəmil Əl-Ramahi isə bildirib ki, Azərbaycan “Masdar”ın əsas strateji tərəfdaşıdır və bu gün imzalanmış müqavilələr ölkənin “yaşıl enerji” vizyonunun genişləndirilməsi prosesini sürətləndirməyə imkan verəcək. “Qaradağ” GES quruda və dənizdə ümumi gücü 10 QVt olacaq bir neçə potensial külək, günəş və “yaşıl hidrogen” layihələri arasında birincisidir. Bu stansiyanın istismara verilməsi investisiya cəlbinin artması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səbəb olacaqdır. Biz Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə çatmasına dəstək vermək üçün birlikdə çalışırıq".

Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş “Masdar” şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.

Xatırladaq ki, müqavilələri Azərbaycan hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, bu layihələrdə iştirakı nəzərdə tutulan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adından iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi imzalayıblar. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpa olunan enerji mənbələri üzrə 4 QVt gücündə meqa layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsini əhatə edir.