"2022-ci il fevralın 10-dan sonra Rumıniya ərazisinə 7 milyondan çox ukraynalı qaçqın daxil olub". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rumıniya Sərhəd Polisinin Baş Müfəttişliyindən məlumat verilib.

"Rumıniya hakimiyyəti fevralın 10-dan ölkəyə daxil olan ukraynalıları hesablayır və 10-24 fevral intervalını "münaqişədən əvvəlki dövr" adlandırır. Belə ki, son 24 saat ərzində Rumıniyaya 9 551, 2022-ci il fevralın 10-dan isə 7 008 683 Ukrayna vətəndaşı daxil olub", - məlumatda qeyd edilib.

Rumıniya, adətən, əksəriyyəti Qərbi Avropa ölkələrinə üz tutan ukraynalılar üçün tranzit ölkə rolunu oynayır.

Əmək Nazirliyinin məlumatına görə, münaqişə başlayandan Rumıniyada ukraynalılar üçün iki əmək birjası təşkil edilib. Son məlumatlara görə, ölkədə 7 minə yaxın ukraynalı qaçqın əmək müqaviləsi bağlayıb və 19 mini iş axtaran şəxs kimi qeydiyyatdadır.