Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev üzgüçülük üzrə milli komandanın üzvləri ilə görüşüb.

MPK-dan İqtisadiyyat.az-a verilən məlumata görə, baş məşqçi Alavərdi Culfayev, idmançılar və onların şəxsi məşqçilərinin iştirak etdiyi görüşdə Komitə prezidenti dünya çempionatının yığma üçün uğurlu keçdiyini bildirib. O yarışlarda medal və Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanan idmançıları təbrik edib.

Paralimpiya oyunlarına az vaxtın qaldığını vurğulayan H. Abdullayev qeyd edib ki, bu müddət ərzində hazırlıqlar daha intensiv və məqsədli olmalıdır. O, komanda üzvlərinin qarşıdakı yarışlara hazırlığı və psixoloji vəziyyəti ilə maraqlanıb.

A. Culfayev dünya çempionatının gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, komandanın qarşıya qoyulan əsas hədəflərə nail olduğunu qeyd edib.

Daha sonra növbəti yarışlara hazırlıqla bağlı müzakirələr aparılıb, Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilmiş dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Eyni zamanda, idmançılar Raman Saley və Vəli İsrafilov Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.