Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı səlahiyyətlərin TƏBİB və Səhiyyə Nazirliyi arasında hələ də bölünməməsindən ən çox zərər çəkənlər vətəndaşlardır. Mövzu ictimai maraq doğurur və hələ də əsas nəticə əldə olunmayıb. Hətta Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də brifinqdə bildirdi ki, biz hələlik səlahiyyət bölgülərini yekunlaşdıra bilməmişik.

Dünyanı bürüyən və hələlik dərmanı tapılmayan bu virusa qarşı Azərbaycanda iki qurum öz səlahiyyətlərini müəyyənləşdirməkdə çətinlik çəkir. Belə olan halda isə əldə edə biləcəyimiz effektiv nəticələri itiririk.

Apardığımız araşdırmalar göstərir ki, bir müddət əvvəl TƏBİB-in nəzarətində olan poliklinikalar və Təcili Yardım stansiyaları Səhiyyə Nazirliyinin tabeliyinə verildikdən sonra vəziyyət dəyişib. Belə ki, əvvəl COVİD-19 şübhəsi ilə karantinə alınan şəxsin dərhal müalicəsinə başlanılırdı. İndi isə COVİD-ə yoluxan şəxslər müalicə üçün ya evə göndərilir, ya da “Atletlər Kəndi”ə yönləndirilir. Burada onlara müalicə göstəriləcək tibbi preparat və peşəkar həkim heyəti olmadığından,  xəstəliyi yüngül keçirənlərin belə vəziyyəti ağırlaşır, sonra isə klinikalara köçürülürlər.

Maraqlısı isə hazırda aktiv xəstə sayının az olduğu vaxtdır və xəstəxanalarımızdakı çarpayı fondunun cəmi 14 faiz doludur. Belə olduqda, COVİD-ə yeni yoluxanları tez müalicə edib, sağaltmaq əvəzinə, “Atletlər Kəndi”də saxlayıb vəziyyətlərinin ağırlaşmasını gözləyirlər.

Məsələ ilə bağlı redaksiyamıza müraciət edən xəstələr Yeni Klinikalarda müalicə olunmamalarından şikayətlənirlər. Burada müalicə alıb, sağalanların çoxu isə bəlli xidmət səviyyəsini və şəraiti yüksək qiymətləndirirlər.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin və TƏBİB-in açıqlamasını dərc etməyə hazırıq.