Bu gün səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlar və Azərbaycan ordusunun bu təxribatlara cavab verməsi günə öz damğasını vurdu. Azərbaycan ordusunun 3 hərbi qulluqçusunun yaralanması fonunda Ermənistan Silahlı Qüvvələrinin ən azı iki hərbçisinin məhv edildiyi bildirilir. 

Hadisələr nədən qaynaqlandı? Erməniləri yeni təxribatlara nə vadar edir?

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran millət vəkili Arzu Nağıyev baş verənlərin gözlənilən olduğunu bildirib: "Son vaxtlar ermənilər ciddi cəhdlə müxtəlif istiqamətlərdə, əsasən də Kələbəcər istiqamətində qoşun cəmləşdirirdi. Onların yeni təxribatlara əl atacaqları gözlənilirdi. Bu gün səhər saatlarından başlayaraq bu gözlənti baş verdi və layiqli cavablarını da aldılar. Məqsədləri bir sıra ermənipərəst qüvvələrə, o cümlədən Fransaya Azərbaycanı təxribatçı kimi göstərməkdir. Atəşə özlərinin başladığını gizlədərək guya ilk Azərbaycanın atəş açdığı barədə saxta məlumatları yaymağa çalışırlar. 

İkinci məsələ ondan ibarətdir ki, separatçıların qondarma lideri istefaya göndərildikdən sonra, həm İrəvanda, həm də Xankəndidəki separatçı qüvvələr baş qaldırıblar. Paşinyan hakimiyyəti sülhün bərqərar olması ilə bağlı bəyanatlar versə də, bunlar hamısı sözdədir. Daxildəki digər qüvvələr bunun əleyhinədir.

Millət vəkili erməni təxribatının əsas səbəbini iki dövlət arasında bağlanması gözlənilən sülhün qarşısını almaqda görür: "Moskvada keçirilən Türkiyə-Rusiya görüşündə Rusiyanın öz mövqeyini bildirməsindən sonra ermənilər daha da hirslidir və yeni təxribar törətməyə çalışırlar.

Bu gün səhər yaşananlar sülhün bərqərar olmasının qarşısını almaq üçündür. Azərbaycan isə sülhə sadiqdir. Biz öz daxili və xarici siyasətimizi sülhün bərqərar olması istiqamətində aparırıq.

Bir daha bildirirəm ki, qarşı tərəfin bütün təxribatlarının qarşısı alınacaq. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranması heç vaxt mümkün olmayacaq".