Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə müraciət üvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, müraciətdə deyilir:

"Biz – 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçatryanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb.

32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçatryan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!

Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb, biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük.

Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçatryan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab verməlidir.

Biz bu ədalət anını onillərdir gözləmişik, bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik.
Müharibə cinayətkarı Vaqif Xaçatryanı yüksək peşəkarlıqla aşkar edərək saxlayan sərhədçilərimizi, Azərbaycan hüquq mühafizə orqanlarında xidmət edən övladlarımızı bağrımıza basırıq, onları alqışlarıyıq, onlara eşq olsun deyirik!

32 ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib.