MAQATE-nin Rəhbərlər Şurası Avrotroyka ölkələri - Almaniya, Fransa və Böyük Britaniyanın təklif etdiyi İrana qarşı qətnaməni qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"Avrotroykanın təqdim etdiyi anti-İran qətnaməsi MAQATE-nin Rəhbərlər Şurası tərəfindən qəbul edilib: 20 səs lehinə, ikisi əleyhinə, 12 ölkə bitərəf qalıb", - Ulyanov "Telegram" kanalında yazıb.

Reuters-in məlumatına görə, Avrotroyka İranı MAQATE ilə əməkdaşlığa və bəzi elan olunmamış ərazilərdə uran izlərini izah etməyə çağıran qətnamə hazırlayıb. Məlumatda həmçinin bir neçə agentlik ekspertinin ölkədən çıxarılması qərarına yenidən baxılması tələb olunur.

Bundan əvvəl Ulyanov İranın "İrna" agentliyinə müsahibəsində belə bir qətnamənin heç bir müsbət nəticə verməyəcəyini, lakin İranın nüvə məsələsinin ciddi şəkildə gərginləşməsinə səbəb ola biləcəyi bildirmişdi. MAQATE-nin rəhbəri Rafael Qrossi Rəhbərlər Şurasının sessiyasının açılışından əvvəl deyib ki, agentliyin Tehranın nüvə silahı yaratmaq proqramına malik olduğuna dair məlumatı yoxdur. Eyni zamanda o qeyd edib ki, MAQATE İran tərəfindən lazımi əməkdaşlığın olmaması səbəbindən İranın nüvə proqramının dinc xarakter daşıdığını hələlik təsdiqləyə bilmir.