Madridin mərkəzində Kataloniyanı təmsil edən separatçı siyasətçilərə amnistiya verilməsinə qarşı çoxminlik etiraz aksiyası keçirilib. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, mitinqə 40 minə yaxın insan qatılıb.

Nümayişin təşkilatçısı mühafizəkar Xalq Partiyası (PP) olub. Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və mümkün amnistiya əleyhinə şüarlar səsləndiriblər. Mitinqə iyulun 23-də keçirilən ümumi seçkilərdə qalib gələn PP-nin çoxsaylı nümayəndələri də qatılıb.

Qeyd edək ki, mühafizəkarlar seçkidə üstünlük əldə etsə də, təkbaşına hökumət qurmaq üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyiblər. Mühafizəkarların arxasında hökumət başçısı vəzifəsini icra edən Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (PSOE) dayanır.

PSOE parlamentdə az sayda yer almış siyasi qüvvələrlə dəstək üçün danışıqlar apara bilsə, Sançes yenidən hökumət başçısı seçilə bilər. PSOE üçün regionun müstəqilliyini dəstəkləyən Kataloniya partiyalarının səsi vacibdir.