Küveyt İranla dəniz sərhədinin çəkilməsini gözləmədən Durra qaz yatağında neft hasilatına başlayacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Küveytin neft naziri Saad əl-Barak Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sky News Arabia" televiziyasına açıqlama verib.

Barak deyib: "Küveyt İranla sərhədin çəkilməsini gözləmədən Durra qaz yatağında kəşfiyyat və hasilat fəaliyyətlərinə başlayacaq".

İran isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.


Durra qaz yatağı

Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Ərəş/Durra qaz yatağı illərdir İran və Küveyt arasında problemlərə səbəb olur. Qaz yatağının İran tərəfdəki hissəsi “Ərəş”, Küveyt tərəfindəki hissəsi isə “Durra” adlanır.

Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb.

İran isə sözügedən razılaşmanın “qanunsuz” olduğunu əsas gətirərək, bölgədə qazma işlərinə başlayacağını bəyan edib.

Küveyt İranı iyulun 3-də bölgədəki dəniz sərhədi ilə bağlı danışıqlara çağırıb, Tehran rəhbərliyi isə mövzu ilə bağlı açıqlama verməyib.