Yaxın günlərdə bir fikir paylaşmışdım və yazmışdım ki, hökumət qiymətə müdaxilə edən kimi bazar “ölür”. Son vaxtlar ayrı-ayrı qurumların öz səlahiyyətlərini artırmaq üçün qanunvericiliyə təklif etdikləri dəyişikliklər belə bir təsəvvür yaradır ki, sanki hökumət bazar iqisadiyyatından imtina edir. İndi də məlumat yayılıb ki, “Banklar haqqında” qanuna yeni bir maddə əlavə etmək təklifi Milli Məclisin müvafiq komitəsində müzakirə olunub. Qanuna yeni təklif edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilir. (link şərhə əlavə olunur).
Diqqət yetirin ki, təklif edilən dəyişikliklə Palata kreditin qiymətini (faiz dərəcəsini) və xidmət haqqının qiymətini özü təyin etmək istəyir, yəni həmin qiymətlərin sərbəst formalaşmasına son qoymaq istəyir. Həmin iclasda çıxış edən Palata nümayəndəsi bu dəyişikliyin sosial rifahın yüksəldilməsinə yönəldildiyini deyib, Amma yayılan məlumatda hər-hansı başqa izahatın olub-olmaması haqqında bilgi verilmir. Maraqlı suallar meydana çıxır: Palata ümumiyyətlə ölkədə kredit faizlərinin niyə bu qədər yüksək olması ilə bağlı hər-hnsı bir araşdırma aparıbmı? Varsa, onu ictimaiyyətə açıqlaya bilərmi? Əgər belə araşdırma yoxdursa, bu təkliflər haradan meydana çıxıb?

Aydındır ki, Azərbaycanda kredit faizlərinin və bank xidməti haqqlarının yüksək olması heç kimə sirr deyil. Amma problem faiz dərəcələrinin yüksək olması deyil: faiz dərəcələrinin (yəni kreditin qiymətinin) belə yüksək olması mövcud problemin fəsadıdır (nəticəsidir). Buna görə də faiz dərəcələrinin yuxarı həddinin tənzimləyici qurum tərəfindən təyin edilməsi problemin həlli ola bilməz. Təklif edilən dəyişiklik kredit bazarında canlanma yaratmaq əvəzinə proseslərin bir qisminin “qara bazara” keçməsinə gətirib çıxarı bilər.
Porblemi həll etmək üçün, ilk növbədə, həmin problemin özünü və onun yaradan səbəbləri düzgün müəyyən etmək vacibdir.
Birincisi, bazar münasibətləri şəraitində dövlət, bir qayda olaraq, o sahədə qiymətin tənzimlənməsinə gedir ki, orada inhisar fəaliyyətinin olması rəsmən təsdiq olunur. Palata bu təklifi ilə ölkənin bank sektorunda inhisarçılığın olmasına iddia edirmi? Palata bank sektorunda və bank xidmətləri sahəsində təmərküzləşmə dərəcəsini qiymətləndiribmi? Belə araşdırmaları varsa, onları ictimaiyyətə açıqlaya bilərmi? Palata hesab edirsə ki, bank sektorunda, xüsusilə kreditlərin təqdim edilməsində inhisarçılıq fəaliyyəti var, onda onun qarşısını başqa üsullarla almaq mümkün deyilmi? Bu zaman qiymət tənzimlənməsi ən son addım ola bilər.
İkincisi, ölkənin bank sektorunda kredit faizlərinin bu qədər yüksək olması müvafiq xidmətlər üzrə risklərin çox yüksək olması ilə birbaşa bağlıdır. Bu risklərin nədən ibarət olmasını istənilən bank mütəxəssisi bilir. Bu barədə illərlədir mütəxəssis və ekspertlər yazırlar. Bu, geniş bir mövzudur. Qısaca deyim ki, bunun təməlində mülkiyyət hüquqlarının qorunmasına zəmanətin olmaması, ədalətli və müstəqil məhkəmə sisteminin yoxluğu və s. dayanır.
Həmin risk amillərini aradan qaldırmaq üçün çalışmaq, bank sektorunda normal rəqabət mühitini təmin etmək əvəzinə, sosial məqsədlər adı altında səlahiyyətlərinin genişləndirilməsinə nail olmaq ölkə iqtisadiyyatının inkişafına xidmət etmək deyil. Belə addımlar iqtisadi inkişafa yox, tənəzzülə apara bilər.

Azər Mehdiyev, iqtisadçı ekspert