2023-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 255 mln. 355.9 min manat, icbari sığorta növləri üzrə 91 mln. 553.6 min manat sığorta haqqı toplanılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 31.6% və ya 61 mln. 366,8 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 42% və ya 27 mln. 117.7 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 2 dəfə artaraq 78 mln. 217.8 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 7.8% artaraq 24 mln. 71.9 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-mart aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 30.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 3 ayında 20 manata bərabər olub. Bu ilin yanvar-mart ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26.3 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 3 ayında 34.6 manata bərabər idi.