Finlandiya hökuməti fevralda Rusiya ilə sərhəddə keçid məntəqələrini açmaq niyyətində deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "İlta-Sanomat" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşr hökumətdəki mənbədən sitat gətirib: "Biz əminik ki, sərhəd qısa müddət ərzində belə açılmamalıdır".

Qəzetin başqa bir mənbəsi qeyd edib: "Bir aydan az müddətdə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyinə inanmaq üçün heç bir əsas yoxdur".

Qeyd edək ki, Finlandiya hökumətinin qərarı ilə ötən il noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil keçid məntəqələri bağlanıb. Bundan sonra iki keçid məntəqəsi açılıb, lakin üçüncü ölkələrdən gələn miqrantların yenidən axını ilə əlaqədar sərhəd 2023-cü il dekabrın 15-dən 2024-cü il fevralın 11-dək bağlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır və Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.