Şimali Koreya lideri Kim Çen İn Rusiyada rəsmi səfərdədir. O, Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri və Şimali Koreya ilə ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın sədri Aleksandr Kozlov sosial media hesabında bildirib.

"Rusiya və Şimali Koreya Xalq Demokratik Respublikası 75 ildir möhkəm dostdur. Bütün bu illər ərzində biz bir-birimizi təkcə qonşu deyil, həm də yaxın dost kimi dəstəkləmiş və kömək etmişik", - Kozlov bildirib.

Kozlovun paylaşdığı videoda Kimin xüsusi zirehli qatarı ilə stansiyaya gəldiyi və Rusiya rəsmiləri tərəfindən qarşılandığı görünür.

Qeyd edək ki, Kremldən dünən verilən açıqlamada Kimin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər edəcəyi bildirilmişdi.

Rusiya mətbuatının məlumatına görə, Putin və Kim arasında keçiriləcək görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da iştirak edəcəyi bildirilir.

Kim sonuncu dəfə 2019-cu ildə Rusiyaya səfər edib və Putinlə Vladivostokda görüşüb.