Kanada Kiyevi dəstəkləmək məqsədilə üç il ərzində 482 milyon dollar ayıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti Volodimir Zelenskinin parlamentarilər qarşısında çıxışından əvvəl parlamentdə deyib.

"Biz bir neçə ildir ki, Ukraynaya sabit dəstək verməyə yönəlmiş uzunmüddətli öhdəliklər götürürük. Bura üç il ərzində ayrılacaq 650 milyon Kanada dolları (482 milyon ABŞ dolları - red.) vəs. daxildir. Biz F-16 üçün uçuş hazırlığı və texniki dəstək məqsədilə təlimatçılar ayıracağıq”, - Baş nazir bildirib.

Trüdo əlavə edib ki, 2022-ci ildən bəri Kanada Ukraynanı dəstəkləmək üçün artıq 9 milyard Kanada dolları (6,67 milyard ABŞ dolları - red.) ayırıb.

Qeyd edək ki, Zelenski cümə axşamı Kanadaya gəlib.