Məlumdur ki, Mənzil İstismar Sahələri (MİS) və ya daha çox “JEK” adlanan qurumlar Sovet dövründən qalmış mənzil idarəçiliyidir. İndiki dövrümüzə qədər fəaliyyətini davam etdirən bu qurumların iş prinsipinə yanaşma isə birmənalı deyil.

Xüsusən də sakinlər etdikləri ödənişin hara və niyə xərcləndiyindən bixəbərdirlər. Bu gün yaşayış binalarında kommunal ödənişlərin qiyməti də fərqlidir. Məsələn, bəzi yeni tikililərdə kommunal ödənişlər 150 manatdan başlayır. Hətta Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan kommunal ödənişlərin aylıq məbləğini artırırlar. Köhnə binalarda isə "JEK"lərə illik təxminən 15-18 manat civarında ödəniş edilir. 

Maraqlıdır ki, Mənzil İstismar Sahələri (MİS) və ya el arasında “JEK” adlanan qurumların bugünkü fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, öz səlahiyyətlərini dərk edən "JEK"lərin sayı olduqca azdır:

"Bütün Mənzil İstismar Sahələrinin (JEK) fəaliyyətinin qənaətbəxş olduğunu söyləmək olmaz. Çünki bəzi "JEK"lər öz öhdəliklərini icra etmirlər. Paytaxt Bakıda olan mənzillərin bloklarına və pilləkan qəfəslərinə baxanda bunun şahidi ola bilərsiniz. Bəzi binaların blokları, qapıları, pilləkan qəfəsləri və fasad örtüyü yararsız haldadır. Son illər ölkə başçısı İlham Əliyevin ayırdığı vəsait hesabına bir çox binalarda yenidənqurma işləri aparılıb. Bu gün əksər "JEK"lər sadəcə tikinti şirkətlərinə şərait yaratmaqla məşğuldur. Yeni tikililər Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə aiddir. Köhnə binaların əksəriyyəti isə "JEK"lərin balansındadır. Xüsusən də 3, 5 və 9 mərtəbəli binalar Bak şəhəri İcra Hakimiyyətinə tabedir və xidmət Mənzil İstismar Sahələri tərəfindən qanuni şəkildə aparılır. 

"JEK"lərin sakinlərdən yığdığı zibil pulu və digər kommunal xərclər şəffaf olmalıdır. Yəni yığılan vəsaitin kökündə duran səbəblər vətəndaşa izah olunmalıdır. "JEK"lərin fəaliyyəti müasir tələblərə cavab verməlidir. Qurumun balansında müəyyən qədər vəsait olmalıdır ki, sakinlərdən əlbəəl pul yığılmasın. Ya sakinlərə xərclər barədə məlumat verilməlidir ki, ya da bu sahə üzrə sistem elektronlaşmalıdır". 

Gülşən Şərif