Seçilmiş ixtisas ilə insanın psixi sağlamlığı arasında hansısa əlaqə ola bilərmi? Son araşdırmalar göstərib ki, tələbələrin ixtisas seçimi onların psixi pozğunluqları, narkotik və ya alkoqol asılılığı riski ilə müəyyən qədər bağlılıq təşkil edir.

Tədqiqat İrlandiyanın Ulster Universitetində (UU) və Atlantik Texnologiya Universitetində (ATU) təhsil alan 1829 nəfər birinci kurs bakalavr tələbəsindən toplanmış məlumatlar əsasında aparılıb. Sorğuda iştirak edən tələbələr əhval-ruhiyyə, panik pozğunluq, bipolyar pozuntu, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu, qəbul edilən dərman preparatları da daxil bir sıra mövzular üzrə ətraflı diaqnostik anketlər doldurublar.

Nəticə göstərib ki, bir çox tələbələr ali təhsil müəssisəsinə hansısa psixi sağlamlıq pozğunluğu ilə başlayır və bəzi ixtisasları məhz müəyyən psixi problemlərdən əziyyət çəkənlər daha çox seçir. Məsələn, tədqiqat nəticəsində məlum olub ki, humanitar elmlər, sosial xidmətlər və konsultasiya sahəsində təhsil alan tələbələr uşaqlıqda digərləri ilə müqayisədə daha çox neqativ hallarla üzləşiblər.
Araşdırmada uşaq və yeniyetməlik dövründə mənfi təcrübələr yaşayanların daha çox hüquq və ya psixologiya sahəsinə üz tutduqları müəyyən edilib.

Tədqiqata görə, tibb, fizioterapiya və ya biomedikal kimi sağlamlıq elmləri üzrə təhsil alan tələbələr psixi sağlamlıq probleminin və hansısa maddə asıllığının ən aşağı nisbətinə sahibdirlər. Əvəzində, ən yüksək panik pozğunluq və sosial narahatlıq nisbətlərinə psixologiya sahəsində oxuyan tələbələrdə rast gəlinib. 

Digər sorğuda tələbələrdən psixoloji dəstək alıb-almadıqları soruşulub. İki sorğunun nəticəsinə görə, psixologiya tələbələri haqqında bu ifadələrə yer verilib: “Bu tələbələr müalicəyə ehtiyac duyduqlarını digərləri ilə müqayisədə daha çox dilə gətirirlər. Bununla belə, psixologiya tələbələri psixi sağlamlıq problemlərindən xəbərdar olsalar da, peşəkar yardım axtarmaqdan çəkinirlər”.

Bundan əlavə, narkotik maddələrdən istifadənin ən yüksək göstəricisi biznes tələbələri, ən çox alkoqol istehlakı isə hüquq fakültəsi tələbələri arasında aşkar edilib. Bu nəticə məqalədə belə ifadə olunub: “Əvvəlki tədqiqatlar göstərir ki, bu vəziyyət sözügedən sahələrin, ixtisasların daha stresli olmaları ilə əlaqəlidir”.

Tədqiqata qatılan incəsənət tələbələri ən yüksək depressiya və hiperaktivlik pozğunluğu göstəricilərinə sahib olarkən, mühəndislik fakültəsinin tələbələri ən aşağı səviyyədə psixi sağlamlıq problemləri ilə seçiliblər. 

Elmi tədqiqat PLOS One elmi jurnalında dərc olunub.