Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsi həyata keçirilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd hərəkətlərin qarşısının alınması məqsədi ilə tədbirlər görüb.

Agentliyin mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, regional idarələri tərəfindən bu ilin ötən dövrü ərzində bir sıra qayda pozuntuları aşkar olanaraq müvafiq tədbirlər görülüb.

Martın 9-da saat 16:30 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən Tovuz rayon Əlimərdanlı kənd ərazisində “Bakı Supsa” ixrac boru kəmərinin 390,1-ci kilometrliyində, mühafizə zonasından kənarda, 20 nömrəli siyirtmə stansiyasından 150 metr aralı, boru kəmərindən 70-100 metr məsafədə, təqribən 140 metr uzunluğunda, istismardan çıxmış istifadə olunmayan 34 ədəd diametri 500 millimetr olan asbest boruların ekskavator vasitəsi ilə qazılaraq torpaq üzərinə çıxarılması faktını aşkarlayıb və akt tərtib olunaraq Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Aprelin 23-də saat 11:55 radələrində Sumqayıt regional idarəsinin Mühafizə və müdafiə qrupunun əməkdaşları tərəfindən “Bakı–Novorossiysk” İBK-nin 68,950-ci kilometrliyində boru kəmərinin mərkəzi oxundan 100 metr aralıda “Tab-7” aviabombasının arxa pər qalıqlarını (təlim xarakterli) və 1 ədəd 122 millimetrlik boş top mərmisi aşkar edilib və FHN-nın Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə çevik qrupuna məlumat verilib.

İyunun 20-si saat 12:20 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən Tovuz rayon Əlimərdanlı kənd ərazisində CQ 378,2-ci kilometr, BTC-378,709-cu kilometrliyində mühafizə zonasından 15 metr aralı məsafədə su arxının kənarında 116 ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı, 1 ədəd ZRQ-30 top mərmisi və 2 ədəd 120 millimetrlik minaatanın (M-12) partlayıcısı aşkar edilib və “ANAMA” şirkətinin mütəxəssisləri tərəfindən zərərsizləşdirmək məqsədilə akt tərtib edilərək ərazidən götürülüb.

Avqustun 30-u saat 17:30 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən “Bakı Supsa” ixrac boru kəmərinin 390-cı kilometrliyinin mühafizə zonasından 500 metr kənarda Tovuz rayon Əlimərdanlı kənd ərazisində 2 ədəd KAT markalı ekskavator, 1 ədəd MAZ markalı yük maşını və 1 ədəd qaldırıcı kran texnikası ilə 7 (yeddi) nəfər şübhəli şəxs saxlanılıb. Həmin şəxslər tərəfindən təqribən 40 metr uzunluğunda, istismardan çıxmış istifadə olunmayan 10 ədəd diametri 500 millimetr uzunluğu 4 metr olan asbest boruların ekskavator vasitəsi ilə qazılaraq torpaq üzə çıxarılması aşkar olunaraq Tovuz rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.

Sentyabrın 7-i saat 21:25 radələrində Yevlax regional idarəsinin əməkdaşları tərəfindən Yevlax rayon ərazisində Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü kilometrliyində, mühafizə zonasında, xəbərdaredici nişanın yanında selofan torbaya bükülmüş, bağlama vəziyyətində naməlum əşya tapılması barədə regional idarənin əməliyyat növbətçi hissəsinə məlumat verilib. Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib, tapılmış bağlamanın 2,7 kiloqram marixuana bitkisi və metafetamin maddəsi olduğu müəyyənləşdirilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sentyabrın 10-u saat 02:55 radələrində Ağstafa regional idarəsinin əməkdaşları tərəfindən Tovuz rayon Aşağı Mülkülü kənd ərazisində “Bakı Supsa” ixrac boru kəmərinin 402-ci kilometrliyindən 100 metr aralı və “Bakı Tbilisi Ceyhan” əsas ixrac neft boru kəmərinin 388-ci kilometrdən 300 metr aralı mühafizə zonasında 2 ədəd ekskavator JVS, 1 ədəd ekskavator KAT-428F, 2 ədəd KamAZ markalı yük maşını və 8 nəfər şübhəli şəxsin istismardan çıxmış istifadə olunmayan diametri 250 millimetr, uzunluğu 4 metr olan 30 ədəd sinklənmiş boruların ekskavator vasitəsi ilə qazılaraq torpaq üzərinə çıxarılması və yük maşınına yüklənməsi faktı aşkar edilib və akt tərtib olunaraq Tovuz rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.

Faktla əlaqədar Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Agentlik tərəfindən bir daha vətəndaşlardan ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonalarına qanunsuz daxil olmamaları və qanunazidd hərəkətlərdən çəkinmələri xahiş olunur.