"Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədən yüksək səviyyəli sülh konfransı təşkil etməyi xahiş etdi. Bern bu tələbi müsbət cavablandırdı". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd deyib.

Berndə səfərdə olan ukraynalı həmkarı ilə birgə mətbuat konfransında danışan Amherd bildirib: "Cənab Zelenski İsveçrədən yüksək səviyyəli sülh sammiti təşkil etməyi xahiş etdi və mən konfrans təşkil etməyə hazır olduğumuzu təsdiqlədim". O qeyd edib ki, konfransın təşkili ilə bağlı detallar sülh prosesinin uğurlu olması üçün dərindən öyrəniləcək.

"İsveçrə Ukrayna prezidentinin xahişi ilə sülh formulu üzrə yüksək səviyyəli konfrans təşkil etməyə hazır olduğunu bəyan edib. Hazırda əlavə təfərrüatlar üzərində iş gedir", - hökumətdən bildiriblər. 

"Danışıqlarda həmçinin yanvarın 14-də Davosda Ukraynanın milli təhlükəsizlik müşavirləri səviyyəsində "sülh formulu"na dair dördüncü görüş müzakirə olunub. Hər iki nümayəndə heyəti bu tədbirin təşkilində sıx əməkdaşlığı yüksək qiymətləndirib", - məlumatda deyilir.

Qeyd edək ki, Zelenski yanvarın 15-də İsveçrəyə səfər edib. Onun yanvarın 16-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunun iclasında çıxışı planlaşdırılır.