Boğucu istilik damarların genişlənməsinə, maye və duzun itirilməsinə, ürək döyüntülərinin sürətlənməsinə, ürəyin iş yükünün artmasına və qanın laxtalanmasına səbəb olur. 

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, isti hava ürək sağlamlığı üçün təhlükə yarada bilər. Xüsusilə ürək xəstələrində təzyiq dəyişikliyi və qanda laxtalanma meyli ilə infarkt inkişaf edə bilər. 

Belə ki, həddindən artıq isti hava nəticəsində bədəndə istiləşmə meyli başlayır. Bədən istiliyini saxlamaq üçün dərinin və səthi toxumaların damarları genişlənir, qan axını artır, tərləmə baş verir. Nəticədə ürəyin iş yükü artır. Ürək adekvat qan dövranını təmin etmək üçün daha sürətli işləməli ola bilər. Bu isə sinə ağrısı yaradır. Ürəkdə iş yükünün artması səbəbindən ürək çatışmazlığı olan xəstələrdə tənəffüs çatışmazlığı yaşana bilər. Sidikqovucu dərman istifadə edənlər isə kifayət qədər maye qəbul etməsə, maye itkisi səbəbindən böyrək funksiyaları pisləşə bilər.

İsti havaya qarşı dözümü olmayan şəxslər aşağıdakı qaydalara əməl edə bilərlər:

Kondisioner və ya soyuducu cihazların temperaturu narahatedici dərəcədə olmamalıdır.

Çox maye qəbul etmək lazımdır.

Həzm olunması çətin olan qidaları həddindən artıq miqdarda istehlak etməmək vacibdir.

İsti içkilərdən istifadə etməmək, kofeinli və spirtli içkilərdən uzaq durmaq məqsədəuyğundur.

Günorta saatlarında çölə çıxmamaq, çölə çıxarkən havanın keçməsini təmin edən açıq rəngli, boş paltar geyinmək lazımdır. 

Fasilələrlə  duş qəbul etmək tövsiyə olunur.

Gülşən Şərif