Çempionlar Liqasının yarımfinal mərhələsində ilk matçda 1-1 hesablı bərabərliyə nail olan “Mançester Siti” cavab oyununda "Real Madrid"i 4-0 məğlub edərək İstanbulda finala yüksəldi. "Mançester Siti"nin heyətində qapıçılardan biri olan Skott Karson 18 il sonra bir ilki yaşayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bir müddət "Bursaspor"da da çıxış edən Skott Karson 2005-ci ildə İstanbulda keçirilən finalda "Milan"ı məğlub edən və xoşbəxt sona çatan "Liverpul"un heyətində yer alıb.

İstanbulda keçirilən finalın ilk yarısını 3-0 geridə bitirən “Liverpul” normal vaxtı 3-3 bitən “Milan”la qarşılaşmada geri dönüş edərək penaltilərlə kuboku qazanmışdı.

“Lids Yunayted”in akademiyasında yetişən ingilis qapıçı 2004/05 mövsümünün fasiləsində “Liverpul”a yollanmışdı. İstanbulda keçirilən finalda “Liverpul”un qapısını polşalı Dudek qorumuşdu. Karson isə siyahıdakı ehtiyat qapıçılardan biri idi.

Skot Karson "Mançester Siti"nin heyətində Çempionlar Liqasını qazanan yeganə futbolçudur.

Qeyd edək ki, Çempionlar Liqasının finalı İyunun 10-u İstanbulda keçiriləcək.