İsrail ordusu Livandan İsrailə raket və minaatanlardan hücum aşkarladığını və bu hücumlara artilleriya atəşi ilə cavab verdiyini bildirib. Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus qırıcı təyyarə Hizbullah təşkilatının hərbi obyektinə hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Manarada (İsrailin şimalında) hava hücumu sirenləri səslənib və Livandan İsrailə doğru bir neçə raket buraxılışı qeydə alınıb. Bundan əlavə, Livandan Metulaya (İsrailin şimalında) bir neçə minaatan hücumu qeydə alınıb. IDF artilleriyası yanğının baş verdiyi yerlərə zərbələr endirib", - məlumatda deyilir.

Ordu departamenti əlavə edib ki, həmçinin IDF qırıcısı Livanda Hizbullah terror təşkilatına məxsus hərbi obyektə zərbə endirib.